Bakı Kitab Mərkəzində uşaqlar üçün “Azərbaycan Vətənimdir” adlı Yeni il tamaşası göstərilib.
Tamaşa Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən hazırlanıb.
Səhnə əsərinin nümayişindən öncə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva çıxış edərək Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qonaqları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Sonra tamaşa nümayiş olunub. Rejissoru Şəhanə Abbaslı olan səhnə əsərində Bakı Kitab Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Mərkəzin “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri rəngarəng geyimlərdə ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların və eyni zamanda uşaqların sevimli cizgi film personajlarının rəqslərini nümayiş etdirib, mahnılar ifa ediblər.
Sonda tamaşanı izləyən Nizami rayonu 1 nömrəli və Xətai rayonu 3 nömrəli uşaq evlərinin sakinlərinə Bakı Kitab Mərkəzi adından Yeni il hədiyyələri təqdim edilib.