Azərbaycan Turizm Bürosunun tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatı 2020-2021-ci illərdə ümumi uzunluğu 26 km olan və 4 fərqli istiqamətləri əhatə edən yürüş cığırlarının (haykinq) işarələnməsi işini başa çatdırıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, birinci mərhələdə Şəki şəhərindəki Yuxarı Karvansara ilə “Güllütəpə” adlanan ərazini birləşdirən qədim cığır yolu işarələnib, ikinci mərhələdə isə Xan sarayı ilə Xan yaylağı və Qurcana şəlaləsini birləşdirən dağ marşrutu işarələnərək istifadəyə verilib.
Bundan əlavə, Xan sarayı ilə Xan yaylağını birləşdirən iki marşrut da işarələnərək istifadəyə verilib. Bunlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda “Birinci rayon” adlı ərazidən, digəri isə Şəki əhalisi arasında “Çatqal” adı ilə məşhur olan dərədən keçir. Marşrutların üzərində kempinq üçün əlverişli yerlər, eləcə də istiqamətlər və bulaqlar barədə məlumatlar ox işarələri və lövhələrlə göstərilib.
Yürüş marşrutları Şəkinin gediş və dönüş istiqamətlərində quraşdırılıb. Regionun digər dağ cığırları üzrə həyata keçirilən işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.