“Ölkəmizdə mövcud olan həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”
Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər.
Prezident İlham Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində deyib.
Dövlət başçısı vurğulayıb ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olub: “İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.
Prezident ötən il ölkəmizin beynəlxalq arenada öz mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərib. 2021-ci ildə Azərbaycan Türk Şurasına sədrliyi uğurla başa vurub. Noyabr ayında İstanbulda keçirilmiş sammitdə qurum Türk Dövlətləri Təşkilatı adlandırılıb. Hər iki təşkilat Azərbaycanın haqlı işində daim bizə dəstək olub. İslam Əməkdaşlıq Təşkilatı da ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və 2021-ci ildə də bu dəstəyi hiss etmişik. Bundan əlavə, Azərbaycan Prezidentinin dekabr ayında Brüsselə səfəri, NATO və Avropa İttifaqı rəhbərləri ilə görüşləri olub. NATO-nun zirvə görüşündə, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş sənədlərdə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənib.
İlham Əliyev Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin də uğurla inkişaf etdiyini vurğulayıb: “Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi.
Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır.
Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir”.
Prezident Ermənistanla münasibətlərə də toxunub: “Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.
Biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on minlərlə Azərbaycan əsgər-zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz işğala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.
2021-ci ildə azad edilmiş torpaqlarda geniş quruculuq-bərpa işlərinə start verildiyini deyən dövlət başçısı bildirib ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq. Prezident il ərzində Azərbaycanın bölgələrinə 47 dəfə, o cümlədən 32 dəfə azad edilmiş torpaqlara səfər etdiyini diqqətə çatdırıb: “Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.
2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin təntənə ilə qeyd olunacağını deyən İlham Əliyev bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə yeni ili “Şuşa İli” elan etdiyini bildirib.
Prezident vurğulayıb ki, qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir: “Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq”.
Dövlət başçısı qeyd edib ki, görülmüş işlər nəticəsində Azərbaycan iqtisadiyyatı 2020-ci ildə pandemiyanın doğurduğu böhrandan artıq çıxıb və postböhran dövrünə qədəm qoyub. Azərbaycan iqtisadiyyatı 2021-ci ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır.
Prezident təbrik müraciətinin sonunda deyib: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.