Azərbaycan Milli İncəsənət Muzeyi görkəmli rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihəsini yeni mövsümdə də davam etdirəcək.

Muzeydən bildirilib ki, bu ay layihənin qəhrəmanı Azərbaycan təsviri sənətində koloritli yaradıcılığı ilə özünəməxsus yer tutan görkəmli fırça ustası, ötən il 100 illiyi qeyd olunan Xalq rəssamı Mikayıl Abdullayevdir.

Bu dəfə balacalar sənətkarın yaradıcılığına həsr olunmuş mühazirəni dinləyəcək, eləcə də təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edərək sənət əsərləri ilə söhbətə qərq olacaqlar. Uşaqlar “Öz tablonu yarat” adlı ustad dərsində rəssamın “Güllər” adlı tablosunun “step by step” imitasiyasını da yaradacaqlar.

Qeyd edək ki, Milli İncəsənət Muzeyi Azərbaycan rəngkarlığının ölməz korifeylərinin yaradıcılığını yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihəyə 2019-cu ildə başlayıb. Yeni ildə də azyaşlı sənətsevərlər layihədə iştirak etməyə dəvətlidir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək lazımdır.