Daşkənddəki “Renessans press” nəşriyyatında özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) Səmərqənd Dövlət Universiteti ilə birgə hazırladığı kitabı Abdurasul Goziyev və Abdixaliq Arziqulov tərtib ediblər.

Nəşrdə Azərbaycan alimləri-fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Qoşqar Əhmədov, akademik, AMEA-nın həqiqi üzvü Azad Mirzəcanzadə, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, akademik, fizika-riyaziyyat elmləri doktoru Fərəməz Maqsudov, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov haqqında məqalələr çap olunub.

Kitabda soydaşımız, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki, Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyev və bu universitetin professoru, mərhum azərbaycanlı Yusif Ələskərov haqqında materiallar da yer alıb.