Ustad dərslərinin birinci mərhələsi gerçəkləşib

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsi həyata keçirilir.

Yanvarın 10-da Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pantomim Teatrının baş rejissoru Bəxtiyar Xanızadənin iştirakı ilə layihənin ilk tədbiri gerçəkləşib. Üç mərhələdə və mövzuda nəzərdə tutulan birinci ustad dərsi “Həqiqi hisslərlə yaşamaq azdır” mövzusuna həsr olunub. Aktyorlar üçün nəzərdə tutulan təlimdə Bəxtiyar Xanızadə özünün tələbəlik illərini xatırlayıb, gənclərə sənət yolundan bəhs edib. Xalq artisti bildirib ki, vaxtilə onun ən böyük arzusu Sankt-Peterburqda aktyorluq üzrə təhsil almaq olub.

Diskussiya şəklində baş tutan görüşdə rejissor təlimə qatılan aktyorlara vaxtilə gənc ikən onun özünə ünvanlanan sualla müraciət edib. O, “Bilmirəm siz məndən nə istəyirsiniz, amma mən bu gündən heç nə gözləmirəm” deyərək bu fikrə gənclərin reaksiyasını öyrənib. Rejissor teatr sahəsinin görkəmli simalarından sitatlar gətirib, “Həqiqi hisslərlə yaşamaq azdır, onu təqdim etmək bacarığı olmalıdır” fikrini xatırladıb.

Ustad dərsində praktik və nəzəri biliklərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, teatr sahəsindəki yeniliklər, fərdi yaradıcılıq imkanları müzakirə olunub. Bəxtiyar Xanızadə həmçinin aktyorlara ən çox istədiklərini təsəvvürünə gətirmələrini istəyib. Gənclər xəyallarında canlandırdıqları arzularını vərəqə köçürüblər. Təlim digər maraqlı texnikalarla davam edib.

Bildirək ki, “Həqiqi hisslərlə yaşamaq azdır” mövzusu üzrə aktyorlarla müzakirələr yanvarın 11-də də davam edib.

Xatırladaq ki, layihə üzrə “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti təlim yanvarın 13-də rejissorların iştirakı ilə keçiriləcək. Yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlimdə isə yalnız teatrşünasların iştirakı nəzərdə tutulur.

Lalə Azəri