11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Əlamətdar gündə Salyan rayonu gənclərinin Şirvan Milli Parkına ekskursiyası təşkil edilib.
Ekskursiya Gənclərin İnkişaf və Karyera Mərkəzi Salyan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Gənclərə Şirvan Milli Parkının ərazisi, relyefi, torpaq örtüyü, flora və faunası haqda məlumat verilib. Bildirilib ki, ərazidə 82 növ çiçəkli bitki qeydə alınıb. Ərazidə yaşayan ceyran, safsar və çöl pişiyi respublikanın “Qırmızı kitab”ına daxil edilib. Parkda 17 növ sürünən heyvanlar var. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilandır.
Gənclər binokllar vasitəsilə ərazidəki ceyranları, buradakı göldə yaşayan yaşılbaş ördək, boz ördək, enliburun ördək, flaminqo və digər quşları izləyiblər. Sonda gənclər ekskursiya barədə təəssüratlarını bölüşüblər.