Qax Dövlət Kukla Teatrı yeni ilin ilk günlərindən balaca tamaşaçılarını sevindirməyə başlayıb. Yeni il bayramı münasibətilə uşaqlar üçün şənliklər təşkil olunub.
Şaxta baba və Qar qız, cizgi film qəhrəmanı Mikki Maus uşaqları təbrik edib, onlarla birgə rəqs edib, əyləniblər. Sonra uşaqlar rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya baxıblar. Tamaşanın rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Aynurə Abbasova, Elnarə Babayeva, Nuru Mustafayev, Afət Yaqubova, Vasif Fikrətli və başqaları ifa ediblər.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, yanvar ayı ərzində teatrda Osman Abdullayevin “Qoğal”, “Diş əhvalatı” və Astrid Lindqrenin “Karlson” tamaşaları oynanılacaq. Həmçinin Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşasının məşqlərinə başlanılacaq. Tamaşanın rejissoru A.Mehrablı, rəssamı M.Abdullayev, musiqi tərtibatçısı N.Fətəliyevdir.