Ağdaş RMİ Göyçay rayon MKS-də nasir, şair, tərcüməçi, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 95 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzi Kitabxananın, şəhər və kənd kitabxanalarının işçiləri iştirak ediblər. MKS-nin direktoru Nərmin Xəlilova çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Ədibin yaradıcılığını əks etdirən sərgiyə baxış olub.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar qan yaddaşımızdır” adlı sərgi təşkil olunub. Yanvarın 21-dək davam edəcək sərgidə qanlı faciəni əks etdirən foto, rəsm və digər məlumatlar nümayiş olunub. Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin kollektivi Vətən müharibəsi şəhidi Elgün Sadıqovun doğum günü münasibətilə ailəsini ziyarət edib. Görüş zamanı muzeyin əməkdaşları şəhidin şəkilləri və şəxsi əşyaları ilə tanış olublar.

İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzində “İlboyu bilik” layihəsinə başlanılıb. Könüllü gənclərin iştirakı ilə gerçəkləşən ilk təlim “Kompüter və internetin əsasları” mövzusuna həsr olunub. Layihə çərçivəsində mərkəzin əməkdaşları, könüllü fəal gənclər, müəllim və məktəblilərin iştirakı ilə mərkəzdə və rayon ümumtəhsil müəssisələrində mühazirə və təlimlər keçiriləcək.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər palitrası” adlı sərgidə iştirak etmiş rəssamlarla görüş keçirib. Rəssamlara təşəkkürünü bildirən idarə rəisi onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb və sertifikatlar təqdim edib.

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Oxuculara xidmət şöbəsi “Yaddaşlarda yaşayan yazıçı Əlfi Qasımov” başlıqlı tədbir təşkil edib. Yazıçı, publisist Əlfi Qasımovun (1927-1985) 95 illik yubileyinə həsr olunan tədbirdə ədibin həyat və yaradıcılığı haqqında söz açılıb. Sonra müəllifin “Adilənin taleyi” romanının müzakirəsi aparılıb.

Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin VII sinif şagirdləri üçün “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda “açıq dərs” keçirilib. Dərsdə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan və zəngin dövlətçilik təcrübəsi sayəsində mühüm tarixi nailiyyətlərindən bəhs edilib.

Şəmkir RMİ Şəmkir Heydər Əliyev Mərkəzində 2021-ci ilin yekunu və 2022-ci ildə görüləcək işlərə dair hesabat iclası keçirilib. İclasda idarə rəisi Azər Rəcəbov mövcud problemlərin aradan qaldırılması, müəssisələrdə şəffaflığın, əmək fəaliyyətində nizam-intizamın təmin edilməsi və 2022-ci ildə görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını verib.

Hazırladı: N.Məmmədli