Misirdə keçirilən Dünya Gənclər Forumu çərçivəsində müasir gəncliyin bəşəriyyətin aktual problemlərini incəsənətin dili ilə ifadə edəcək Dünya Gənclər Teatrının təqdimatı olub. Şarm əl-Şeyx şəhərində keçirilən foruma müxtəlif ölkələrdən gənclər qatılıb.

Təqdimatda Misir Prezidenti Əbdülfəttah əl-Sisi də iştirak edib.

Şarm əl-Şeyx Konqres Mərkəzində nümayiş olunan Dünya Gənclər Teatrının ilk tamaşası bütün insanlığı narahat edən silahlı münaqişələr, COVİD-19 pandemiyası, bu fəlakətlərlə mübarizədə gənclərin həmrəyliyinə həsr olunub. Tragikomediya janrında səhnələşdirilmiş tamaşada gənclərin ictimai-siyasi xadimlərə, liderlərə yeni qlobal çağırışlar fonunda daha qətiyyətli addımlar atmaq, dünyada ədaləti və insanların bərabərliyini təmin etmək, yoxsullara yardım göstərmək çağırışları yer alıb. Tamaşada, həmçinin texnologiyanın ən son nailiyyətlərindən də istifadə olunmaqla interaktiv səhnələr təqdim edilib.

Tamaşa forum iştirakçılarının alqışları ilə qarşılanıb. Dünya Gənclər Teatrının yaxın gələcəkdə dünya turuna çıxacağı bildirilir.