Qardaş xalqlar ədəbiyyatı
   
    Neçə il öncə Kiyevə yolum düşmüşdü. Ukraynanın əzəmətli paytaxtına - heykəllər və meydanlar şəhərinə ikinci dəfə səfər edirdim. Hoteldən çıxıb Taras Şevçenko prospektində xeyli var-gəl etdim, nəhayət, mütəfəkkir sənətkarın abidəsi ucalan meydana (ukraynalılar “maydan” deyir) yaxınlaşdım. Burada adam əlindən tərpənmək mümkün deyildi. Təsadüfə bax, Şevçenkonun doğum günüymüş, əhali heykələ doğru sel kimi axırdı. 
   
   O zaman bu fürsətdən yararlandım, iki-üç saat müddətində həm sadə ukraynalıların öz klassik şairlərinə sevgisini gördüm, həm də xalqın dilində əzbər olmuş nəğmələrini dinlədim. Həqiqətən, qələm dostum Vaqif Bəhmənli demişkən, Taras Şevçenko bir Ukrayna, Ukrayna bir Taras Şevçenko imiş. Yol yorğunluğumu tamam unutdum, ruhum dincəldi, sanki göyün yeddinci qatına qalxdım.
   1814-cü il martın 9-da Kiyev quberniyasında kəndli ailəsində doğulan, poeziya və nəsrlə mütəmadi surətdə məşğul olan Taras Qriqoryeviç Şevçenko hərtərəfli istedad sahibiydi. Filosof idi, alim idi, bütün bunlarla yanaşı, görkəmli fırça ustasıydı. O, şeirlərini, ürək çırpıntılarını pıçıldaya-pıçıldaya Dnepr çayının sularına, Karpat dağlarının gözəlliklərinə deyirdi. Şeir yazmaq istəməyəndə qələmə sarılır, nəsr nümunələri yaradırdı. Hekayə və povestləri də elə qəlb oxşayan nəğmələri qədər şirin və duzlu-məzəlidir. Rəngkar kimi gənc Taras Ukrayna təbiətini əsrarəngiz gözəllikləriylə kətana köçürürdü. İki yüz ilə yaxındır ki, bu nəhəng istedadın poeziya və rəngkarlıq əsərləri dünyanı dolaşmaqdadır, insanları yaşayıb-yaratmağa, haqqa-ədalətə, saf, təmiz olmağa çağırır. Sanki hamının ədəbi zövqünü formalaşdırır, sevgi-məhəbbət duyğularını artırır.
   Əlbəttə, sovet dönəmində Şevçenko yaradıcılığı ilə oxucularımız az-çox tanış idilər. Şairin əsərlərindən nümunələr dilimizə çevrilmişdi. Məşhur “Vəsiyyət” şeiri isə orta məktəb illərindən dilimizin əzbəriydi. Bir neçə il əvvəl ölməz sənətkarın Bakı şəhərinin mərkəzində heykəli ucaldılıb. Azadlıq prospektindəki abidə indi iki xalqın dostluq, həqiqi qardaşlıq rəmzinə çevrilib. Axı Taras Şevçenko da azadlıq aşiqiydi, sözü, kəlməsi sərhəd-sədd tanımırdı, nəhayətsizliyəcən gedib çıxırdı.
   
   * * *
   Taras Şevçenko irsi ilə yaxından tanış olandan sonra bu qənaətə gəlmək mümkündür ki, o, təpədən-dırnağadək lirik, eyni zamanda üsyankar təbiətli şairdir. Nəsrində də lirizmin bütün elementləri çılpaqlığı ilə görünür, rəssamlıq əsərlərində də. Məhz Azərbaycanda da ilk dəfə şair kimi tanınmış, şöhrət qazanmışdı. Hələ sağlığında, Qafqazda əsirlikdə olan bir dostu onun yaradıcılığından nümunələri Mirzə Fətəli Axundova təqdim eləmişdi. Tiflisdə, çar Rusiyasının Qafqaz canişinliyinin dəftərxanasında çalışan gənc Fətəli Şevçenkonun şeirlərini orijinaldan həvəslə oxumuş, qiymətləndirmiş, hamıya tərifləmişdi. Təkcə tərcümə məsələsinə ya cəsarət eləməmiş, ya da buna vaxt, imkan tapmamışdı…
   Şevçenkonun Azərbaycanda daha geniş şəkildə tanınması XX əsrin əvvəlinə təsadüf edir. 1906-cı ildə Bakıda ilk “Şevçenko gecəsi” keçirilib. Daha sonra o dövrün populyar “Kaspi” qəzetinin yazdığına görə, belə poeziya gecələri paytaxtımızda hər il keçirilib.
   Taras Şevçenkonun “Fikirlərim, düşüncələrim” kitabının (“Yazıçı”nəşriyyatı, Bakı, 1979) tərtibçisi Abbas Abdulla ön sözdə yazır: “Şevçenko poeziyası xalq qaynaqlarından mayalanıb. Bu əsərlərin forması da Ukrayna xalq şeiri “Kolomiyka”ya uyğunlaşdırılıb. Bu şeir biçimi Azərbaycan heca vəzninin səkkizlik və yeddilik ölçüsünə uyğun gəlir. Təsadüfi deyil ki, ayrı-ayrı illərdə Şevçenkonun əsərlərini bu ölçü ilə dilimizə çevirən şairlərimiz orijinalın ruhunu bacarıqla qoruyub-saxlaya bilmişlər”.
   Qeyd edək ki, “Fikirlərim, düşüncələrim” Şevçenkonun Azərbaycan dilində nəşr olunmuş sayca səkkizinci kitabıdır. Eyni zamanda bu, şairin əsərlərinin dilimizə tərcümə olunmuş ən mükəmməl toplusudur. Kitabda toplanan şeirlər insan ruhunu, saf duyğu və düşüncələrini odlu dillə tərənnüm edir.
   
   Göz veribdi Allah mənə,
   Kimə baxım, anam, kimə,
   Kimə baxım, sonam, kimə?!
   
   Əlim də var, qolum da var,
   Kimi qucum, anam, kimi,
   Kimi qucum, sonam, kimi?!
   
   Altı misralıq bu kiçik şeir qəlb yanğısıdır, misralar həqiqətən od püskürür. Ömrünü daim sürgünlərdə, katorqada keçirən şair istibdad zəncirini qırmaq üçün qeyri-bərabər, amansız mübarizələrə üstünlük verir. O, qərib məmləkətlərin həbsxana düşərgələrində can çürütsə də, Vətən eşqi, doğma Ukrayna həsrəti bir an çağlayan ruhunu dinc qoymur. Şair “Günəş də isitmir qərib ölkədə” əsərində (tərcümə Məmməd Arazındır) özünün torpaq məhəbbətini yana-yana dilə gətirir:
   
   Günəş də isitmir qərib ölkədə,
   Evimin içində yanıram ancaq.
   Əziz Ukraynada, öz torpağımda,
   Nə qədər ağırdır mənə yaşamaq.
   
   İsrarla “yad elin ağaclarından mənə tabut qayırmasınlar” söyləyən Taras Şevçenko bir məğrurluq, ucalıq zirvəsidir. Lakin ona vətənində yer yoxdur, könlü əbədi dustaqdır. Çünki o, kasıb ailədə dünyaya göz açıb, zəngin zadəgan-feodal ailəsində doğulmaq nəsibi-qisməti deyilmiş. İnsanlar arasındakı qeyri-bərabərliyə daim etiraz edən şair sözünü ən uca kürsülərdə deməyi bacarır, necə deyərlər, heç bir varlı, yüksək çinli məmurun qabağında əyilmir. Haqsızlıq, qansızlıq, zülm Tarası tədricən cismən məhv etsə də, poeziyasına gücü çatmır. Belə məqamlarda şair tənhalığa çəkilir, fəryad qoparır, dərd-səriylə baş-başa qalır.    

   Ah, yalqızam, yalqızam,
   Çöldə otcuğaz kimi.
   Allah mənə nə verdi,
   Səadətmi, talemi?
   
   Şevçenko şeiri - ovqat şeiridir. Onun ən bədbin ruhda yazdığı əsərlərində belə ruh yüksəkliyi var, bu poeziyanı mütaliə edən, söz aləminə səyahətə çıxan, heç vaxt bədbinliyə qapılmır, peşmançılıq keçirmir. İnsan nikbin notlar üstə köklənir. Bu, Şevçenko sənətkarlığının mayasıdır, qayəsidir. XVI əsrdə yaşamış qüdrətli Azərbaycan şairi Məhəmməd Füzuli də tənhalığa çəkilməyi xoşlayır, zarın-zarın “mən istərəm bəlanı, çün istər bəla məni” - deyirdi. Bu mənada Füzuli təkliyi ilə Taras yalqızlığı üst-üstə düşür. Yalnız zəmanələr, dövrlər, əsrlər başqa-başqadır.
   
   Çörək kəsim kiminlə mən,
   Söhbət edim kiminlə mən.
   Niyə yalqız qalmalıyam,
   Ay insanlar, bir belə mən?
    (“Çörək kəsim”)

   
   Heç təsadüfi deyil ki, Taras Şevçenko yaradıcılığına Azərbaycanın ən nəhəng söz ustaları daim müraciət etmiş, sovet dönəmində yaşamış qüdrətli qələm sahibləri onun əsərlərini sevə-sevə dilimizə çevirmişlər. Bu sırada kimlərin adları yoxdur? Şairlərimizin və ədəbiyyatşünas alimlərimizin adlarına diqqət yetirsək, Taras poeziyasının da təsir gücü, təsir dairəsi geniş anlamda təsəvvürə gələr: Səməd Vurğun, Əhməd Cavad, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Osman Sarıvəlli, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Əhməd Cəmil, Mirmehdi Seyidzadə, Tələt Əyyubov, Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay, habelə Məmməd Arif Dadaşzadə, Məmmədcəfər Cəfərov, Mikayıl Rəfili, Pənah Xəlilov, Əkbər Ağayev...
   Şairin şeirləri ilə bahəm irihəcmli poemaları neçə illərdir ki, dilimizin əzbəridir. “Katerina” (N.Rəfibəylinin tərcüməsində), “Qaydamaklar” (R.Rzanın tərcüməsində), “Qovaq” (M.Rzaquluzadənin tərcüməsində), “Bayquş” (C.Ələkbərin tərcüməsində), “Çarlar” (B.Qasımzadənin tərcüməsində) və digər əsərlərindən parçalar hətta dərsliklərimizə daxil edilir. Ancaq etiraf edək ki, bunların heç biri “Vəsiyyət” qədər təsirli deyil.
   “Vəsiyyət” - qu quşunun nəğməsidir. Bu nəğmə bir dəfə oxunur, ölümqabağı. Şairin vəsiyyəti təkcə qohumlarına, yaxınlarına, dostlarına olmayıb. O, bütün mütərəqqi insanlara son sözünü “Vəsiyyət” şəklində çatdırıb.
   
   Bir gün mən öləndə məzarımı siz,
   Geniş düzəngahda qazdırarsınız.
   Əziz Ukraynanın öz sinəsində -
   Məni bu torpaqda basdırarsınız.
   Qoy ordan görünsün dərin dərələr,
   Duyum uçurumların zərbələrini.
   Hərdən qıy vuranda eşidim yenə
   Məğrur Dneprimin nərələrini...
   
   Taras Şevçenko Qafqazı bərk sevmiş, burada yaşayan xalqların düşmənə qarşı amansız mübarizəsini, istiqlal mücadiləsini tərənnüm etmiş, insanların igidliyini, cəsurluğunu, qəhrəmanlığını alqışlamışdır. Şairin “Qafqaz” poeması başdan-başa döyüş səhnələrinin təsvirindən ibarətdir. 47 il ömür sürmüş (1861-ci ilin 10 martında vəfat edib - red.) bu nəhəng söz dühasının ərsəyə gətirdiklərinə axır ki, bəşəriyyət qayıtdı. İndi Taras Şevçenko irsi təkcə Ukrayna ədəbiyyatının qızıl fonduna deyil, bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə daxildir.
   Sonda bir daha qeyd etmək istərdim ki, böyük Ukrayna ədibinin yaradıcılığının Azərbaycanda daha geniş şəkildə tanıdılmasına ehtiyac var. Şevçenkonun dilimizə çevrilməmiş bir çox əsərləri var ki, onlar böyük ədibin adına layiq tərzdə tərcümə olunsa, həm bizim ədəbi həyatımız qazanar, həm də Ukrayna xalqı ilə aramızdakı ədəbi körpünün bağları bərkiyər.
   
   Ağacəfər Həsənli