Keçən ilin statistikası

 

2021-ci ildə Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 83 min 534 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 70 min 623 nəfəri və ya 84,5 faizi Azərbaycan, 12 min 911 nəfəri və ya 15,5 faizi xarici ölkə vətəndaşı olub. Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il Qəbələ rayonunda yerli və əcnəbi turistlərin sayı 2020-ci illə müqayisədə 25 min 418 nəfər və ya 43,7 faiz artıb. O cümlədən əcnəbi turistlərin sayında 3 min 575 nəfər və ya 38,3 faiz artım qeydə alınıb.

İdarədən verilən məlumata əsasən, 2021-ci ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları  yenə üstünlük təşkil edib. Ötən il Qəbələyə Səudiyyə Ərəbistanından 1720, Hindistandan 963, Türkiyədən 710, Rusiyadan 674, Qətərdən 467, İsraildən 427, Pakistandan 324, Böyük Britaniyadan 177, ABŞ-dan 167, Bəhreyndən 167, İrandan isə 166 turist gəlib. Rayona gələn əcnəbilərin 2652 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Keçən il rayon ərazisində 15 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 1015 yerdir. Turistlərin qalma müddəti 1-2 gün olub.