Zamanın səhifələrində qalan olaylar, faktlar...
757 il əvvəl...
20 yanvar 1265-ci ildə Londonda Vestminster Sarayında ilk ingilis parlamenti işə başlayıb. Dünya parlamentarizminin ən qocaman nümunəsi olan İngiltərə parlamenti bu gün də əsas tarixi atributlarını və mühafizəkarlıq səciyyəsini saxlamaqdadır.
368 il əvvəl...
21 yanvar 1654-cü ildə Ukraynanın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul edilib. Ukrayna getmanı Boqdan Xmelnitskinin təşəbbüsü ilə Pereyaslav radasında çıxarılan qərara əsasən, Krım və Qərbi Ukrayna istisna olmaqla, indiki Ukraynanın ərazisi Rusiya çarlığına birləşdirilib.
290 il əvvəl...
21 yanvar 1732-ci ildə Səfəvi dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri – Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Öz növbəsində Səfəvi dövləti Rusiyanın regionda rəqibi olan Türkiyəni (Osmanlı imperatorluğunu) bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb. Bundan əlavə, müqaviləyə əsasən, Rusiya tacirləri Səfəvi dövləti ərazisində rüsumsuz ticarət etmək hüququ əldə etdilər.
265 il əvvəl...
22 yanvar 1757-ci ildə Avstriya ilə Rusiya arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Rusiya Avstriya-Prussiya müharibəsində birincinin tərəfini saxladı və bunun müqabilində Köniqsberq (indiki Kalininqrad) vilayətini əldə etdi. Sonralar ruslar Köniqsberqi itirsələr də, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən, bu vilayət yenidən SSRİ-yə (Rusiyaya) birləşdirildi.
191 il əvvəl...
20 yanvar 1831-ci ildə Hollandiyanın müstəmləkəsi olan Belçika dövlət müstəqilliyi əldə edib. Londonda keçirilən beynəlxalq konfransda Böyük Britaniya, Fransa, Prussiya və Rusiya Belçikanın müstəqilliyinin təminatçısı kimi çıxış edirdilər.
146 il əvvəl...
21 yanvar 1876-cı ildə Orta Asiyaya (Türküstan) müstəmləkəçilik yürüşünü davam etdirən çar Rusiyası Kokand xanlığını və onun mərkəzi Əndican şəhərini (indiki Özbəkistan ərazisi) ələ keçirib.
107 il əvvəl...
19 yanvar 1915-ci ildə dünya müharibələri tarixində ilk dəfə hava hücumu faktı qeydə alınıb. Almaniya hərbi dəniz donanmasına məxsus 3 dirijabl İngiltərə ərazilərini bombardman edib. Lakin Almaniya ordusunun bu əməliyyatı sonda uğursuzluğa düçar olub. Dirijabllar da geri qayıdarkən tufana düşərək qəzaya uğrayıblar.
32 il əvvəl...
20 yanvar 1990-cı ildə Sovet ordusu Bakıda qırğın həyata keçirib. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanına əsasən, şəhərə ordu hissələri yeridilib. Məqsəd respublikada milli-azadlıq hərəkatını boğmaq idi. Fərman 19 yanvarda verilsə də, yanvarın 20-si səhərə yaxın, şəhərdə qırğın törədiləndən sonra elan edilmişdi. Sovet qoşunlarının təcavüzü zamanı (daha sonra dəqiqləşdirilmiş rəqəmlərə görə) 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı. Ölənlər arasında 20-dən çox qadın və uşaq var idi.
29 il əvvəl...
19 yanvar 1993-cü ildə Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycanın Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.
22 yanvar 1993-cü ildə Naxçıvanda Türkiyə Cümhuriyyətinin Baş Konsulluğu açılıb. Bu, muxtar respublikada fəaliyyətə başlayan ilk xarici ölkə diplomatik nümayəndəliyi idi.
Hazırladı: V.Orxan