Olaylar, faktlar (24–26 aprel)

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

 

196 il əvvəl...

 

26 aprel 1828-ci ildə İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə – Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza – İrəvan xanlığına köçürüldü.

 

147 il əvvəl...

 

24 aprel 1877-ci ildə Rusiya Qafqazda və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Savaş bir il sürdü. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (Qars, Ərdahan), habelə Osmanlının nəzarətində olan Bessarabiyanın (indiki Moldova ərazisi) bir hissəsini özünə birləşdirdi.

 

106 il əvvəl...

 

25 aprel 1918-ci ildə Bakıda bolşevik hökuməti – S.Şaumyanın sədrliyi ilə “Xalq Komissarları Soveti” yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilə düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirməli idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi.

 

105 il əvvəl...

 

25 aprel 1919-cu ildə Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan ediblər. Qiyam iyul ayında Cümhuriyyət qüvvələri tərəfindən yatırıldı.

 

58 il əvvəl...

 

26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə güclü zəlzələ olub. 7,5 bal gücündə zəlzələ nəticəsində şəhərdə 30 mindən artıq tikili qismən və tamamilə dağılmışdı. İnsan tələfatı barədə nə o vaxt, nə də sonra konkret rəqəm açıqlanmadı.

 

38 il əvvəl...

 

26 aprel 1986-cı ildə Ukraynada Çernobıl AES-in 4-cü blokunda nüvə reaktorunun partlaması nəticəsində tarixin ən dəhşətli texnogen qəzası baş verib. Öldürücü radiasiya buludu Ukrayna, Belarus və Rusiyanın bir sıra bölgələrinə yayılıb. AES-in 30 kilometr radiusunda əhali köçürülüb, həmin ərazi “ölü zona” elan edilib. Çernobıl qurbanlarının dəqiq uçotu aparılmasa da, ötən müddətdə ölümcül şüalanma nəticəsində on minlərlə insan vəfat edib.

Hazırladı: V.Orxan