Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərəfindən Bərdə RMİ Tərtər rayon Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası nümayiş etdirilib. Tamaşa rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunub. Tamaşadan əvvəl rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Elnurə Abdullayeva çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Rolları Əməkdar artist Azad Məmmədov, Püstəxanım Zeynalova və başqaları oynayıblar.

Şəki RMİ Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkil etdikləri “Ümid-2022” incəsənət və rəqs müsabiqəsinin qalibi və laureatı adını qazanıblar. Müsabiqənin yekunlarına görə, məktəbin “Zəfər” ansamblı qarışıq alətlər nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Solo yarışmada məktəbin tar şöbəsinin 4-cü sinif şagirdləri İbrahim Mustafayev 1-ci, Məhəmməd Yusifov 2-ci, fortepiano şöbəsinin 3-cü sinif şagirdi Elnur Pirməmmədli 2-ci yer tutaraq medallarla təltif olunublar.

İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “İlboyu bilik” layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim “Kompüter texnologiyası və kargüzarlıq işi” üzrə keçirilib. Könüllü təlimçi Nigar Nağıyeva gənclərə proqramlar üzrə bilgilər verib.

Sabirabad RMİ və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrı tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzində “Çal-oyna” nağıl-tamaşası nümayiş olunub. Şair-dramaturq İsgəndər Coşqunun qələmə aldığı mənzum nağıl-pyes əsasında hazırlanan tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanır. Səhnə əsərinə Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verib, quruluşçu rəssam Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür Mehdiyevdir.

Sumqayıt RMİ Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri də “Ümid 2022” incəsənət müsabiqəsində uğur qazanıblar. Aysu Məmmədzadə 1-ci, Ayla Pənahova, Səid Vəlizadə 2-ci, Atilla Quliyev, İnci Vəlizadə isə 3-cü yerə layiq görülüblər.

***

Ucar rayonunun Ramal kəndində Birinci Qarabağ müharibəsində şəhid olan Etimad Məmmədovun xatirəsinə tikilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər. Çıxış edənlər Etimad Məmmədovun şərəfli döyüş yolundan danışıb, onun elə-obaya bağlı cəsur bir insan olduğunu söyləyiblər.

Hacıqabulun Udulu kəndində şəhid atası şəhidlərin xatirəsinə park salıb, abidə kompleksi inşa etdirib. Parkın girişində Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Burada zirvə simvolu olan qartal heykəli də ucaldılıb, şəhidlərin xatirəsinə bulaq inşa edilib. Parkın ərazisində ibadət otağı da yaradılıb. Şəhid atası Şöhrət Qasımov deyib ki, parkda bütün şəhidlərin şəkilləri yer alacaq.

Nurəddin