Türkiyənin Qars şəhərində Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Qars Qafqaz Universitetində təşkil olunan tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.
Baş konsul Nuru Quliyev, Qafqaz Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi Könül Quliyeva, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adem Çalkın çıxış edərək 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayət haqqında söz açıblar.
Tədbirdə Qars valisinin müavini Tahir Yılmaz, şəhərin rəsmiləri, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, müəllim və tələbələr,digər dəvətlilər iştirak ediblər.
İştirakçılar tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar, Qarsdakı Heydər Əliyev parkında Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub. Qars Övliya Məscidinin imamı Murat Umurbek şəhidlərimizin ruhuna dualar oxuyub.
Mehparə Sultanova
Ankara