Azərbaycan
22 yanvar 1892 – Görkəmli boyakar və qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892 – 7.2.1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.
22 yanvar 1926 – Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
22 yanvar 2018 – Əməkdar mədəniyyət işçisi, aşıq Xanmusa Musaxan oğlu Musayev (1922-2018) vəfat edib.
23 yanvar 1878 – Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 – 5.1.1950) İrəvanda doğulub. İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcılarından biri olub.
23 yanvar 1927 – Xalq artisti, tanınmış rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 – 17.1.2017) anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.
23 yanvar 1935 – Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov (1935-2008) anadan olub. “Həyətim mənim, həyatım mənim”, “Məsmə xala dayımdır”, “www. Fərzəli-kef.com” pyeslərinin müəllifdir.
23 yanvar 1941 – Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev (1941 – 27.5.2008) Cəlilabad şəhərində anadan olub. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Sənədli filmlərin ssenari müəllifidir.
23 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə (1946 – 29.4.2018) anadan olub.
23 yanvar 1949 – Əməkdar artist, tarzən Həmid Şamil oğlu Vəkilov (1949-2020) Bakıda doğulub. Azərbaycan Milli Konservatoriyasının professoru olub.
24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. Repressiya qurbanıdır.
24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 – 9.8.1983) Şəkidə anadan olub.
24 yanvar 1921 – Əməkdar incəsənət xadimi, rəssam Eyyub Əliağa oğlu Məmmədov (1921 – 27.8.1994) Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində müəllim, direktor (1965-1975) işləyib.
24 yanvar 1922 – Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 – 10.4.1979) anadan olub.
25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 – 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan maraqlı hekayələrin müəllifidir. Repressiya qurbanı olub.
25 yanvar 1984 – Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (4.8.1915 – 1984) vəfat edib. Akademik Milli Dram Teatrında, kinoda (“Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s.) yaddaqalan obrazlar yaradıb.
Dünya
22 yanvar 1729 – Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.
22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 – 19.4.1824) anadan olub.
22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub.
23 yanvar 1783 – Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle – Stendhal; 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
23 yanvar 1930 – Sent-Lusiya (Karib dənizində ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Volkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb.
23 yanvar 1989 – İspan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 – 1989) vəfat edib.
24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 – Alman yazıçısı Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. “Birələr hökmdarı” romanı, “Şelkunçik və siçanlar kralı” nağılı (P.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb) və s. əsərlərin müəllifidir.
25 yanvar 1759 – Şotland şairi Robert Berns (Robert Burns; 1759 – 21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram kimi qeyd olunur.
25 yanvar 1938 – Rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 – 25.7.1980) anadan olub.
Hazırladı: Vüqar Orxan