Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

191 il əvvəl...

25 yanvar 1831-ci ildə Polşa torpaqlarında Rusiya imperiyasından ayrılmaq və Polşanın müstəqilliyini bərpa etmək uğrunda üsyan başlanıb. Polşa XVIII əsrdə Rusiya ilə Prussiya arasında bölüşdürülmüşdü. Çar I Nikolayın Polşaya göndərdiyi cəza dəstələri üsyanı qan içində boğub, müstəqillik ideyalarını yayan Varşava Universiteti bağlanıb.

 

109 il əvvəl...

23 yanvar 1913-cü ildə Osmanlı İmperatorluğunda saray çevrilişi baş verib. Ənvər bəy və Tələt bəyin rəhbərlərindən olduğu “İttihat və Tərəqqi” qrupunun həyata keçirdiyi çevriliş nəticəsində Baş nazir (Sadrazam) Kamil paşa istefaya məcbur edilib, hərbi nazir Nazim paşa öldürülüb. Hökumətin başına keçən Mahmud Şevket paşa da 11 iyun 1913-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Birinci Dünya müharibəsi ərəfəsində saray çəkişmələri Osmanlını daha da zəiflətdi.

 

105 il əvvəl...

25 yanvar 1917-ci ildə Amerika Birləşmiş Ştatları Danimarka Krallığının müstəmləkəsi olan Vest-İndia adalarını (indiki Virciniya adaları) 25 milyon dollara satın alıb. Milyonlar xərcləməklə ərazisini genişləndirən ABŞ-ın Karib dənizində sahib olduğu adaların ümumi sahəsi 346 kvadrat kilometr idi.

 

73 il əvvəl...

25 yanvar 1949-cu ildə sosialist inkişaf yolu seçmiş ölkələrin iqtisadi birliyi – Qarşılıqlı İqtisadi Yardım Şurası  (QİYŞ) yaradılıb. Bu barədə birgə sənədə SSRİ, Bolqarıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Macarıstan imza atmışdı. QİYŞ ABŞ-ın Qərbi Avropanı təsir altına almasına (“Marşall planı”) cavab addımı idi. Sonrakı illərdə Albaniya, ADR və Monqolustan da təşkilata qoşuldu. 1990-cı ildə sosialist düşərgəsi ilə bərabər QİYŞ də süqut etdi.

 

46 il əvvəl...

23 yanvar 1976-cı ildə Parisdə ABŞ-Vyetnam müharibəsinin başa çatmasına dair saziş imzalanıb.  Sazişə əsasən, ABŞ qoşunları Şimali Vyetnamdan çıxarılıb.

 

34 il əvvəl...

25 yanvar 1988-ci ildə Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illərdə ümumilikdə 230 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisi olan tarixi ata-baba yurdlarından zorla qovuldu.

 

21 il əvvəl...

25 yanvar 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın Dövlət bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib.

 

17 il əvvəl...

25 yanvar 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub. 1416 saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd edilmiş, Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı yer almışdı. Bu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı Avropa Şurasında qəbul edilən ilk əhəmiyyətli sənəd idi.

Hazırladı: V.Orxan