İstiqlal Muzeyində tədbir-sərgi

 

Yanvarın 19-da Azərbaycan İstiqlal Muzeyində “20 Yanvar – milli qürur dastanı” adlı tədbir-sərgi keçirilib.

Muzeydən bildirilib ki, tədbirin təşkilində məqsəd gələcək nəslin keçmişinə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o tarixi gününün anlamını dərk etməsidir.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 32 il öncə, 1990-cı il yanvarın 20-nə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı xalqımızın and yerinə çevrilib. Hər il on minlərlə insan bu məkanı ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini ehtiramla anırlar.

Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin hazırladığı “Azadlığa gedən yolun zirvəsi” adlı bədii kompozisiya təqdim edilib.

Sonra tədbir iştirakçıları “EDUGrata” və “Lider Land” kursları şagirdlərinin (6-17 yaş) rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 18 əl işi nümayiş olunub. Rəsmlərdə müəlliflərin vətəninə, tarixinə bağlılığı öz təzahürünü tapıb.

Hər bir rəsm əsərinin müəllifinə təşəkkürnamə və muzey tərəfindən çap edilmiş 20 Yanvar kataloqu hədiyyə edilib.