Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı məşhur fransız ekzistensialist yazıçısı, Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi dramının premyerasına hazırlaşır.
Teatrdan bildirilib ki, premyera fevralın 9-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində keçiriləcək.
Jan-Pol Sartrın 1944-cü ildə yazdığı əsər ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar ƏSA Teatrı da tamaşa nümayişlərini dayandırmaq məcburiyyətində qalmışdı. Teatr bu müddət ərzində bir sıra layihələr icra etsə də, iki ildən sonra ilk dəfə canlı tamaşa göstərəcək. Biletləri şəhərin kassalarından və “iticket.az” saytından əldə etmək olar.