Akademik Musiqili Teatrın repertuarından

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək.

Yanvarın 30-da göstəriləcək tamaşada bir ailənin timsalında qadın və kişi münasibətlərindəki ümumbəşəri ziddiyyətlər incə yumorla tamaşaçılara çatdırılır.

Mahmudla Bahar bir-birini sevsələr də, kasıblıq, imkansızlıq, Baharın təbirincə desək, Mahmudun tənbəlliyi və fərasətsizliyi, Mahmudun dililə desək, Baharın bədxərcliyi onları rahat yaşamağa qoymur. Bir gün kasıblıqdan qurtulmaq üçün göydəndüşmə bir şans yaranır: Qasım bəy onları öz malikanəsinə çağırır, cavan ər-arvada burada yaşamağı təklif edir, amma bir şərtlə…

İnsanın öz nəfsi ilə mübarizəsinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədovadır. Rolları əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, aktyorlar Gültac və Hüseyn Əlililər, Elməddin Dadaşov oynayırlar. Tamaşanı Əməkdar artist Fəridə Məlikovanın kamançada solo ifası müşayiət edir.

Səhnə əsərinin premyerası 2013-cü il mayın 6-da keçirilib. Tamaşa 1-ci Şəki Beynəlxalq Teatr Festivalında (2014) fəxri diplomla təltif olunub.