Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa yanvarın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında növbəti dəfə nümayiş olunub.
İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Vəfa Rzayeva, Kazım Abdullayev, Elşən Cəbrayılov və başqaları çıxış edirlər.
Elmi məsləhətçisi akademik İsa Həbibbəyli olan səhnə əsərinin əsas ideyasını dini mövhumat və xurafatın cürətli, kəsərli ifşası təşkil edir.
Cəlil Məmmədquluzadə “Dəli yığıncağı” pyesini 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakter daşıyır.