20 Yanvarın ildönümü qeyd edilib
Bölgələrdə fəaliyyət göstərən mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə müxtəlif səpkili tədbirlər təşkil edilib.
Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdaş rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Mərkəzin əməkdaşları və rayon məktəblilərinin ifasında şeirlər səsləndirilib. Ağdaş rayon Xalq teatrı tərəfindən “Şəhidlər xiyabanında bir gün” adlı səhnəcik nümayiş etdirilib.
Ağdaş RMİ-nin rəisi Səxavət Məmmədov çıxış edərək 20 Yanvar münasibətilə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarındakı mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Regional idarənin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “20 Yanvar – Azərbaycan kimliyinin dərki günü” başlığı altında anım tədbiri təşkil olunub. Tədbirdən sonra Zərdab rayon Şəhidlər xiyabanı ziyarət edilib.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib. Masallı Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib. Masallı Xalq teatrında 20 Yanvara həsr olunmuş “Cəllad” adlı tamaşa da kollec tələbələri ilə birgə hazırlanıb. Tamaşaya Cəmaləddin Əliyev quruluş verib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə iştirakı ilə “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri keçirilib. Masallı İncəsənət məktəbində isə “Qan yaddaşımız” adlı ədəbi-bədii proqram nümayiş olunub.
Cəlilabad şəhər Uşaq incəsənət məktəbində “Zəfərə gedən yol” adlı ədəbi-bədii proqram təşkil olunub. Tədbirdə məktəbin müəllimi Fərid Hacıyev həzin musiqilər ifa edib. Sonra şagirdlərin ifasında faciə qurbanlarına ithaf olunmuş bədii kompozisiya nümayiş etdirilib.
Xaçmaz RMİ Siyəzən rayon Heydər Əliyev Mərkəzində rayon Uşaq-gənclər inkişaf mərkəzindəki təsviri incəsənət dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgi təşkil olunub. “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsmlər yer alıb.
Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən “Unudulmayan qan yaddaşımız” adlı tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər barədə danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə çıxış edən regional idarənin rəisi Şahin Şahbazov bildirib ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, faciə xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmadı və bu gün bundan qürur hissi keçiririk.
Sonra bədii qiraətçilər Aytac Qurbanova və Həcər Həsənova Məmməd Arazın “Sən bu yurda söykənirsən” və “Ayağa dur, Azərbaycan!” şeirlərini söyləyiblər.
Kürdəmir RMİ-nin əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Biz sizə borcluyuq, igid şəhidlər!”, “Azadlığa gedən yol” adlı anım tədbirləri keçirilib və sənədli filmlər nümayiş olunub.
Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Ağrılı xatirələr” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoçarx nümayiş olunub. Sonda məktəblilər şeirlər söylədilər.
İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqədə rayonun müxtəlif məktəblərindən 45-dən artıq şagird iştirak edib.
İdarənin tabe müəssisəsi olan Qobustan rayon Mədəniyyət Mərkəzində “20 Yanvar – azadlığa gedən yol” adlı tədbir keçirilib. Məktəblilərin ifasında Qara Yanvara həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Zəfərə aparan yol” mövzusunda keçirilən tədbirdə “Qanlı Yanvar” filmi nümayiş olunub.
Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ssenarist, rejissor Elşən İsmayılın “20 Yanvar – müstəqilliyimizin qanlı miladı” adlı tamaşa səhnələşdirilib. Tamaşanın nümayişindən sonra Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə kollektivə yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
İdarənin tabeliyindəki Saatlı Dövlət Rəsm Qalereyasında təşkil olunan “Müstəqilliyə gedən yolun başlanğıcı” adlı sərgidə rəssamlıq dərnəyi üzvlərinin əl işləri nümayiş olunub. Hacıqabul rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə şəhər Folklor klubunda ədəbi-bədii kompozisiya hazırlanıb.
Biləsuvar RMİ-nin əhatə etdiyi Salyan rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi” adlı anım tədbiri təşkil olunub. Tədbirdə Salyan şəhər 2 saylı tam orta məktəbin şagirdləri şeirlər əsasında kompozisiyalarla ilə çıxış ediblər. Mərkəzin əməkdaşlarının Qanlı Yanvarla bağlı hazırladığı videoçarx nümayiş etdirilib.
Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində Milli Qəhrəman, şəhid general Polad Həşimovun adını daşıyan şəhər 28 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri üçün “20 Yanvar istiqlal tariximizin zirvəsidir” mövzusunda dərs keçilib. Faciə qurbanlarının muzeyin fondunda mühafizə olunan fotoşəkilləri, o qanlı gecənin şahidi, sumqayıtlı rəssam Nizami Dadaşovun əsərlərindən ibarət sərgi nümayiş olunub. Uşaqlar “20 Yanvar – əsarətin son gecəsi” adlı sənədli filmə də baxıblar.
Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər 20 Yanvar faciəsi haqqında kompozisiya göstərib, şeirlər söyləyiblər.
Bərdə RMİ Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib. Mərkəzin direktoru Aygün Qasımova 1990-cı ilin 20 yanvar gecəsi xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Sonra tədbir iştirakçıları faciəyə həsr olunmuş sərgiyə baxıblar.
Ağstafa RMİ Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbində təşkil olunan “Azadlığa gedən yol” mövzusunda tədbirdə 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib. Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “20 Yanvar – Qanlı Yanvar” mövzusunda konfrans keçirilib. Məktəbin tədris hissə müdiri Sevda Məmmədova, müəllimlər Murad Məmmədov, Xanlar Həsənov mövzu ətrafında çıxış edərək dinc əhaliyə qarşı silah qaldıranların əməllərini pisləyiblər. Tovuz Dövlət Rəsm Qalereyasında isə dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı tarix” adlı rəsm sərgisi təşkil olunub.
Hazırladı: N.Məmmədli