Azərbaycan kinosunda da kifayət qədər tanınan rusiyalı aktyor, Rusiya Federasiyasının Əməkdar artisti Rəsmi Cəbrayılov yanvarın 22-də, ömrünün 90-cı ilində vəfat edib.

Rəsmi (Ramzes) Xalidoviç Cəbrayılov 1932-ci il dekabrın 8-də Dağıstan Respublikasının Süleyman Stalski rayonunun Qasımkənd qəsəbəsində anadan olub. Milliyyətcə ləzgidir. 

Moskvada Dövlət Teatr Sənəti İnstitutunda (QİTİS) aktyorluq, daha sonra rejissorluq üzrə ali təhsili alıb. 60-cı illərdə “Tacikfilm”də ikinci rejissor, Dağıstan Rus Dram Teatrında (Mahaçkala) rejissor, Dargin Dram Teatrında (İzberbaş) baş rejissor, Tula Vilayət Dram Teatrında rejissor işləyib.

1964-cü ildən Moskvada Taqanka Teatrının, 2002-ci ildən V.Mayakovski adına Moskva Akademik Teatrının aktyoru olub. Həmçinin 70-ə yaxın filmdə çəkilib.

Aktyor azərbaycanlı rejissorların da diqqətini cəlb edib, dəfələrlə “Azərbaycanfilm”ə dəvət alıb. “1001-ci qastrol” (Qaranəfəs – 1974, rejissor Oqtay Mirqasımov), “De ki, məni sevirsən!” (Rəsmi – 1977, Maqsud İbrahimbəyov), “İşgüzar səfər” (Bayramov – 1982, Rasim İsmayılov), “Nizami” (zərgər – 1982,  Eldar Quliyev), “Bəyin oğurlanması” (Əhməd dayı – 1985, rejissorlar Ceyhun Mirzəyev, Vaqif Mustafayev), “Alman klinikasına şəxsi səfər” (Əbilov – 1988, Rasim İsmayılov), “Ölsəm... bağışla” (həkim – 1989, Rasim Ocaqov) filmlərində maraqlı obrazlar yaradıb.