Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri “Avto FM”də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kanalının 2021-ci il üzrə “Müasir audiovizual baxış” mükafatının təqdimetmə mərasimi olacaq.

Təqdimat mərasimi yanvarın 26-da saat 16:00-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında keçiriləcək. Mədəniyyət Nazirliyi və “CinemaPlus”un dəstəyi ilə reallaşacaq mərasimdə Azərbaycan filmlərindən musiqilər səsləndiriləcək. Tədbirin sponsoru “Azman Holdinq” şirkətidir.

Xatırladaq ki, ənənəvi mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur. 2019-cu ildə ilk mükafat aktyor, rejissor, aparıcı Kamran Ağababayevə verilib. 2020-ci ildə isə Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva bu mükafata layiq görülmüşdü.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Avto FM”in dəstəyi, “AzerNyuMedia”nın təqdimatında yayımlanan radio kanalı 2019-cu ilin 20 iyulunda dinləyicilərin görüşünə gəlib. Layihənin əsas məqsədi yerli və əcnəbi kino sənayesini müqayisəli şəkildə təqdim etmək, təhlillər aparmaqdan ibarətdir. Burada milli filmlərin audiotreylerləri, soundtracklar təqdim olunur, qonaqlarla müzakirələr aparılır.