Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqı (TAHİ – Türk Eğitim-Sen) uşaqlar üçün Türk dünyası ilə bağlı daha 3 kitabı nəşr etdirib.

“Uşaqlar üçün Yunus Əmrə”, “Uşaqlar üçün Əhi Evran” və “Uşaqlar üçün Hacı Bektaş Vəli” kitabları nəfis tərtibatda və rəngli illüstrasiyalarla çap olunub.

TAHİ-dən medeniyyet.az-a verilən məlumatda bildirilib ki, Türkiyə Elm Qurumunun nəzarətindən keçərək nəşr olunan kitablarda ümumtürk mədəniyyət tarixi xəzinəsinə töhfələr vermiş üç böyük mütəfəkkirdən bəhs olunur: “Ümid edirik ki, türk mədəniyyət tarixində bənzərsiz izlər qoyan uluların qoyub getdikləri mədəniyyət xəzinəsindən bütün övladlarımız ilham alacaqlar...”.

Xatırladaq ki, türk mənəvi dəyərlərinin inkişafında əvəzedilməz xidmətləri olan mütəfəkkirlərin – Yunus Əmrənin vəfatının 700-cü ildönümü, Əhi Evranın anadan olmasının 850 illiyi və Hacı Bektaş Vəlinin anadan olmasının 800-cü ildönümü keçən il UNESCO-nun yubileylər proqramına daxil edilmişdi.

Mənşəcə Azərbaycan türkü olan xorasanlı Seyid Hacı Bektaş Vəli (1209-1271) şair, islam filosofu  və alimi kimi Ələvi-bektaşilik təriqətinin ideoloqudur.

Türk dilinin inkişafında əvəzsiz xidmətləri olan Yunus Əmrə XIII əsrin  sonu – XIV əsrin əvvəllərində  yaşayıb, Anadoluda türkcə şeirin banilərindən biri, türk-islam mütəfəkkiri, təsəvvüf elminin inkişafında xidmət göstərən sufi şair olub.

Əhi Evran (tam adı Pir Mahmud bin Əhməd Nəsrəddin Əhi Evran bin Abbas Vəli) 1171-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub. Xorasandan Anadoluya böyük ustadlardan dərs alıb, Seyid Hacı Bektaş Vəlinin təriqətinə bağlanıb, öz adı ilə Əhilik təriqətinin qurucusu olub. Filosof-şair Əhi Evran 1261-ci ildə Türkiyənin Kırşehir vilayətində vəfat edib.

Qeyd edək ki, fəaliyyətində maarifləndirmə işinə xüsusi yer ayıran Türk Eğitim-Sen bu yaxınlarda uşaqlar üçün nəzərdə tutulan “Türk dünyası müstəqilliyinin 30-cu ildönümündə” kitabını,  həmçinin “Türk dünyasından uşaqlar üçün nağıllar” və “Türk dünyasından uşaqlara oyunlar” toplularını da nəşr etdirmişdi.

Mehparə Sultanova
Ankara