Sənədli teatr bizdə niyə yoxdur və ona ehtiyac varmı?
İstənilən yaradıcı təxəyyül məhsulu zamanın tələbi ilə yaranır və öz ömürlüyünü təmin edir. Bu mənada son 30 ilin, yəni müstəqillik dövrümüzün yaradıcılıq forma və üslublarına, xüsusən teatr sənətinə nəzər salarkən onun zamanla və yaşanan sürətli proseslərlə intuitivliyini analiz etməyə, zənnimcə, ehtiyac var. Xalq olaraq ağır, hüznlü və eyni zamanda qürurlu bir tarixin ildönümünü yola saldıq. Yaradıcı, xüsusən teatral, geniş anlamda sənət düşüncəsində 20 Yanvara, ümumən tariximizə sənət, səhnə rakursundan baxanda xeyli nümunə görürük. Amma onların hamısı təsirli və peşəkardırmı? Yaxud, biz özümüzü ifadədə geniş sənət formalarını sınaqdan keçirmişikmi?
İstərdim bu dəfə dünyada kifayət qədər işlək, bizim üçün isə nisbətən yeni olan verbatim teatr – sənədli teatr barədə fikirlərimizi bölüşək. Maraqlıdır, görəsən, bizə yaxın və yetəri qədər materiala malik olduğumuz teatr formasına niyə maraq göstərmirik?
Sənədli teatr (verbatim) gerçək mətnlərə, müsahibələrə, real insanların taleyinə əsaslanan, sosial analiz və sənətin vəhdətində meydana gələn xüsusi bir texnika, ifadə formasıdır. Yaradıcı qrup tamaşanı aktual mövzulara, real insanlarla görüşlərə əsaslanaraq hazırlayır. İnsanların şahidliyi, verbatim texnikası (bədii, ənənəvi pyesdən imtina edərək sənədli, əsasən müsahibə formatında pyeslər), “dərin improvizə”, teatral oyun və treninqlər bu formanın ayrılmaz parçalarıdır. Burada teatr üçün ənənəvi təsvir formalarından – musiqidən dekorasiyaya müəyyən mənada vacib hesab olunan detallardan imtina olunaraq real boyalar və ifadələr əsas götürülür. Nümunə kimi, qonşu Rusiyada yaranan “Teatr Dok”u (“Театр.doc”) göstərmək olar. “Bu teatrda oynamırlar” şüarını rəhbər tutan teatr qısa zamanda (2002-ci ildə bir neçə dramaturqun bir araya gəlməsi ilə fəaliyyətə başlayıb) populyarlıq və auditoriya qazanıb. Özəl, amma qeyri-kommersiya layihəsi kimi yaranan teatr artıq fərqli üslublara, növün yeni xüsusiyyət və formalarına da can atır.
Məşhur “Niyə o əjdahadan bizdə yoxdur” ritorikası ilə olmasa da, yaşadığımız tarixə münasibətin bir də bu texnikada sınaqdan keçirməyin mümkünlüyü barədə teatr sahəsində tanınan üç şəxsin fikrini öyrəndim.
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, tarixi mövzularda bir neçə pyesi səhnəyə yol tapan Əli Əmirlinin fikrincə, əslində, bütün sənət növləri daim inkişafa can atmalı, yeni forma, yeni məzmun axtarışında olmalıdır: “Dediyimiz “burada və indi” prinsipi ilə işləyən teatr sənətinə daha çox aiddir. Təsadüfi deyil ki, dünənin teatrını yorulmadan tərifləyən yaşlı nəslin nümayəndələri də, xəyallarında nisgil qarışıq sevgi ilə yaşatdıqları köhnə teatrın lentdə qalmış tamaşasına bu gün baxa bilmirlər. Tamaşaçı həmişə yeni bir şey istəyir. Elə ona görədir ki, teatr mütəxəssisləri yeni yollar axtarır, müasir teatra alternativ formalar düşünürlər. Düşünən dramaturq da, rejissor da, aktyor da yenilik sorağındadır. Bizim teatra gələndə, dramaturgiyamızı saf-çürük edəndə mən də o qənaətə gəlirəm ki, yeni forma, yeni məzmun, yeni nəfəs lazımdır. Sizin dediyiniz verbatim teatr, yəni sənədli teatr da bu ehtiyacdan yaranıb. Dokumental teatrda bir qayda olaraq müəyyən tarixi hadisələrin, müzakirə və münaqişələrin stenoqramlarından istifadə edilir, əsərin qəhrəmanları real insanlar və onların dedikləridir. Müəllif sözünə, müəllif təxəyyülünə, demək olar ki, yer verilmir...”.
Söhbətin “Niyə o əjdahadan bizdə yoxdur?” hissəsinə gəldikdə isə Əli müəllimdən “Burda bir deyim yada düşür, düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız” cavabını aldım. Daha sonra əlavə etdi: “Dünya teatrında o qədər yeniliklər, o qədər teatr növləri var ki. Onlardan nə vaxt istifadə elədik ki, qaldı dokumental teatr?! Bununla belə, hər bir yeniliyi tətbiq etmək istəyəndə, ilk növbədə Azərbaycan tamaşaçısını nəzərə almalısan. Ona nə lazımdır? Teatr dramaturqdan başlayır, deməli, dramaturq tamaşaçısını tanımalı, onun istəyi ilə hesablaşmalıdır. Ən vacib məqamlardan birini də qeyd edək: sənədli teatr yalanı sevmir. Orda hər şey cəsarətlə deyilməli, deyilənlər sənədlərə, real insanlara söykənməlidir. O zaman sənədli teatr uğur qazana bilər. Hər bir yenilik zaman, şərait və məkanla hesablaşmağa borcludur. Sənədli teatr bizdə o zaman həyata vəsiqə ala bilər ki, ona ehtiyac olsun...”.
Teatrşünas, sənətşünaslıq doktoru Vidadi Qafarlının fikrincə, biz azərbaycanlı, şərqli olaraq daha çox obrazlı düşündüyümüzdən bizdə bu forma elə də aktual deyil. Sənədli teatrda da bədiilik minimuma endiyindən, görünür, teatrımız buna o qədər də meyil etmir: “Digər səbəb isə məkan məsələsidir. Bu səbəbdəndir ki, biz nəinki dünya teatr məkanına yetəri qədər inteqrasiya edə bilmirik. Bizdə bu texnikada nümunələrə gəlincə, əlbəttə, ilk növbədə, dramaturgiya, ədəbi material olmalıdır. Ümumiyyətlə, sənətin sərhədi yoxdur və bütün yeni formalar sınaqdan keçirilə bilər. Yalnız bundan sonra tamaşaçı ya qəbul edir, ya da yox. Tamaşaçı isə yeniliyə maraqlı və meyllidir. Söhbət tarixi reallıqların və proseslərin səhnəyə gətirilməsindən gedirsə, burada xüsusilə diqqətli olmalıyıq. Çünki Vətən, torpaq mövzularında işləmək xüsusi sənətkarlıq tələb edir. Düzdür, yeni qəhrəmanlar yaradılmalı, daha doğrusu, real obrazlar səhnəyə gəlməlidir. Amma burada patetika, ritorika, publisistika təhlükəli məqamlardır və yalnız bunu mükəmməl bacaranlar müraciət etməlidir. Baxın, son dövrlər bu mövzuda yaranan əsərlərin, təəssüf ki, əksəriyyəti publisistikadır və ona görə də tamaşaçını cəlb etmir. Prosesin iştirakçısı olan insan, tamaşaçı, oxusu üçün şüarçılıq, ritorika onsuz da maraqlı deyil. Sənətin işi hər şeyi bədii, obrazlı təqdim etməkdir...”.
Məsələyə fərqli rakursdan baxan tədqiqatçı, teatrşünas, ADMİU-nun müəllimi Aygün Süleymanova isə, ümumiyyətlə, milli teatrımızın yeni teatr forma və üslublarına münasibətdə xeyli çətinlik çəkdiyini deyir: “Söhbətimizin əsas mövzusuna gəlincə, biz öncə sənədli teatrın mahiyyətindən başlamalıyıq. Deyək ki, bu mövzuda hansısa rejissor işləmək istədi. Yaxşı, axı materialı yoxdur. Sənədli teatr üçün əsər yazılmır. Hərçənd bizim tarixi reallığımız bu mövzuda saysız nümunələr üçün materialdır, mövzudur.
Ötən əsrin 20-ci illərindən dünyanın müxtəlif ölkələrində fərqli formalarda öz inkişaf dövrünü yaşayan bu janr demək olar ki, hər gün yeni bir formada təzahür edir. Bu gün dünyada mockumentary (psedvodokumental) kimi sənədli teatr janrı da məşhurdur. Yəni dünya sənədli teatr dövrünü artıq çoxdan təcrübədən keçirdib və onu yenisi ilə əvəz edib.
Azərbaycan teatrında bu janrda tamaşa mənə məlum deyil.. Bilirsiniz, çox vaxt sənədli teatr janrını tarixi janr ilə səhv salırlar. Tarixi tamaşalar dramaturqlarımız tərəfindən tarixi hadisələrin mətn formada yazılıb, teatra təqdim olunması ilə başlayır. Sənədli teatr isə, tam başqa bir üslubdur. Özü də bu, cəmiyyətin, tamaşaçı qisminin yox, onlara yeni formaları təqdim edən teatr təmsilçilərinin – dramaturqların, rejissorların istəyi ilə yaranmalıdır. Heç bir kommersiya marağı olmadan, mənəvi, ictimai istəkdən, tələbdən doğmalıdır. Məsələn, Rusiyadakı “Театр.doc” kimi...”.
Müsahiblərimin fikirlərindən də göründüyü kimi, istənilən yeni forma, üslub ilk olaraq məhdud mühitdə yaranır və zamanla özünə yaşamaq haqqı qazanır. 20 Yanvar hadisələrindən sonuncu Vətən müharibəmizə qədər sənədli teatr üçün saysız material, fakt var və onlar daim maraqla izlənilir. Bunu ən azı sosial şəbəkələrdəki (söhbət nümunəyə kütləvi maraqdan gedirsə) qısa monitorinqdən bilmək olar. Odur ki, fakt və onların iştirakçıları nə qədər ki, tarixi xronikaya çevrilməyib, onları teatr səhnəsində görmək daha yaxşı olardı. Axı, sənət hələ ki, öz emosional təsir gücünü itirməyib...
Həmidə Nizamiqızı