Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə Azərbaycanın və ümumilikdə Türk dünyasının zəngin adət-ənənələrinin, mədəniyyətinin təbliği məqsədilə birgə həyata keçirilən layihələrdən söz açılıb. Gülnarə Xəlilova fond üçün xüsusi hazırladığı Azərbaycan milli geyim nümunələrini təşkilatın muzeyinə hədiyyə edib.
Qeyd edək ki, keçən ilin noyabr ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas milli geyim kolleksiyasının təqdimatı keçirilmişdi. Başlanğıcını “Kitabi-Dədə Qorqud” eposundan götürən kolleksiya əsrlər boyu formalaşmış milli adət-ənənələri özündə təcəssüm etdirir. Milli geyimlərdə Qarabağın 12 tarixi şəhəri – Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan əks olunub. Təqdimat Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə qazanılan şanlı Zəfərin ildönümünə həsr edilmişdi.