Kitab cəsur şəhidin döyüş yoluna işıq salır

 

Bərdə RMİ Yevlax rayon Xaldan kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı, Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin iştirakı ilə Xaldan kəndindən olan Vətən müharibəsi şəhidi Bəhruz Məmmədovun xatirəsinə həsr edilən “Bir Bəhruz vardı” kitabının təqdimatı keçirilib.

Yevlax Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evində keçirilən tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər dövlət tərəfindən şəhidlərimizin xatirəsinə göstərilən ehtiramdan, onların ailələrinə diqqət və qayğıdan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində tarixi Qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Qeyd edilib ki, kitabda Bəhruz Məmmədovun qısa, lakin şərəfli döyüş yolu, yaradıcılığı əksini tapıb. Kitaba şəhidin şeirləri, qəhrəmana həsr olunmuş şeir və məlumatlar daxil edilib.

Sonra şəhidin həyat və yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, videoçarxlar təqdim edilib. Sonda iştirakçılara “Bir Bəhruz vardı” kitabı hədiyyə olunub.