Yazının başlığını əcaib saymayın. Təki bütün balaca və yaramaz görünən məxluqlar sonda belə qalib olsunlar. Əslində, çox vaxt məhz onlar – yəni imtina, gözardı edilmişlərin həqiqəti zəfər çalır. Amma bu, elə də asan olmur. Bizim “Balaca, yaramaz məxluq” kimi...
Alman filosof Hegelə görə, məhəbbət insanın özünü başqasında tapmasıdır. İş belədirsə, deməli, biz istər fərd, istərsə də cəmiyyət olaraq ömrü boyu itmək üçün axtarırıq. Təbii ki, söhbət burada fiziki və yaxud mənəvi məhəbbət və ya itkidən yox, canlı olaraq natamamlığa sərf olunan ömrümüzün müddətindəki qazanc və itkilərdən gedir. Belədirsə, heç bir uzun-uzadı plan-proqram, çəhrayı xəyallar qurmadan, başımızdan yekə iddialar etmədən yaşamalıyıq. Bacarsaq.
Yaxşı, gəlin görək yaşaya bilirikmi, daha da önəmlisi, yaşatmağa, yaşamağa imkan veririkmi? Amma bəzən bir tikə də olsa özünü, azadlığını, ruhunu, hisslərini ifadə edib, bununla özünü xoşbəxt hiss etmək istəyən, yaxud xoşbəxt olduğunu xəyal edən adamların başının üstündən fırtına kimi keçib, onları həyatından bezdirənə qədər dirəşirik. Nəticə bəzi hallarda çox acı olur. Həyata son vermək, intihar...
Səksəndiniz? Bu günlərdə premyera ilə sənətsevərləri ətrafına toplayan Dövlət Gənc Tamaşaçılar Teatrı cəmiyyəti narahat edən, onun ağrısına çevrilən problem mövzunu səhnəyə gətirən “Balaca, yaramaz məxluq”u təqdim etdi. Adına çox da bənd olmayın. Ya hamımız yığılıb o balaca yaramazı qorumalı, ya da vicdanımızı qarşımıza qoyub içimizdəki bala yaramazları böyütməliyik.
Tamaşa son zamanlar cəmiyyətimizdə yeniyetmə və gənclər arasında baş verən intihar hadisələrinin əsas səbəbləri üzərində qurulub. Problemi harada axtarmaq lazımdır: cəmiyyətdə, ailədə, məktəbdə, biganəlikdə, yoxsa ikili həyat tərzi standartlarında?
Səhnə əsərinin iddia və ideyası çox sadə və konkretdir. Hadisə məktəblərin birində baş verir. Tamaşa boyu üzünü görmədiyimiz, yalnız haqqında danışılan Aysel adlı yeniyetmənin ruh halı, yaşadığı problemlər, həmyaşıdları tərəfindən psixoloji şiddət və təzyiqə (yeni terminlə ifadə etsək, bullinqə) məruz qalmasından danışılır. Daha doğrusu, onun müəllimi Fidan həyəcan təbili çalır və bütün məktəb rəhbərliyini problemin həllinə cəlb etməyə çalışır.
Proseslər idman zalında gedir və təxminən bir saat müddətində Ayselin yaşadıqları fonunda, əslində, məktəb kollektivinin hər bir üzvünün mənəvi problemləri, dərdləri üzə çıxır və sonda hamılıqla bir qərara gəlirik: hər kəs ilk olaraq özünə baxmalı və yalnız özü üzərində nəzarəti təmin etməlidir. Belə olduqda nə başqalarını tərbiyə və tənqidə, nə də mühakimə etməyə vaxtı olmayacaq. Bəlkə də heç buna ehtiyac qalmayacaq. Bu anlamda səhnə işi sırf cəsarətinə və ideyanın sadə və lakonik həllinə görə bütün görünən qüsurlarının üstünü örtür.
Tamaşanın ədəbi əsasının müəllifi dramaturq İsmayıl İmandır. Psixoloji dram janrında yazılan pyesə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov quruluş verib. Sadə tərtibatlı tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzlu, xoreoqrafı Nigar İbrahimbəylidir. Rolları Yasəmən Məmmədova (Solmaz), İlahə Əmirxanova (Fidan), Elşən Hacıbabayev (Həsən), Əməkdar artist Gülər Nəbiyeva (Tamilla) və Araz Pirimov (Toğrul) ifa edirlər.
Tamaşa ritmik musiqinin sədaları altında məktəbin direktor müavini Həsənlə müəllim yoldaşı Toğrulun voleybol oyunu ilə başlayır. Tamaşaçının nəbzini tutmağa, onunla hərəkətli ünsiyyətə hesablanan bu səhnədə onlar topu tez-tez tamaşaçı tərəfə atırlar. Cavab olaraq isə sıralardan kimlərsə ayağa qalxıb topu yenidən səhnəyə qaytarır. Onu da deyim ki, premyeranın nümayiş olunduğu Teatr Xadimləri İttifaqının nisbətən soyuq zalında büzüşüb oturan tamaşaçıların qırışığı bu yolla 2-3 dəqiqədən sonra açıldı.
İclas üçün idman zalının seçilməsi də təsadüfi deyil. Çünki biz burada mübahisə-mühakimələrin zaman-zaman fiziki təsvirlərini də görürük. Məsələn, məktəbin direktoru, yas məclisindən yenicə qayıdan və orada yediyi plovu həzm etməkdə çətinlik çəkən Solmazın ona qarşı iddialar irəli sürən Fidanı saçından tutub sürüməsini, yaxud “Üzdəniraq məxluqlardan yaxşı ki, bizim məktəbdə yoxdur” deməklə, əslində, özünün o şakərini ustalıqla gizləyən Həsənin hoqqabazlıqlarını. Bura Fidanla eşq yaşamaq üçün əlindən cəsarətdən başqa hər iş gələn Toğrulun xəyalını qurduğu macəralar üçün də əvəzsiz məkandır.
İş gününün sonudur və gərgin pedaqoji heyət onsuz da zəhlələri gedən və hər vəchlə əxlaqsız damğasını vurduqları Fidana qəzəblidir. Bütün bunları bilən və vecinə almayan Fidan məktəbli Ayselin problemini sadaladıqca və ona kömək üçün təkliflər verdikcə başda direktor olmaqla hər kəs onu tənə yağışına tutur. Gah onu, gah da qızcığazı asıb-kəsirlər.
Beləcə, qəhrəman (Fidan) tamaşa boyu rüşvətxor direktor və üzdəniraq müavini, ona sevgisini hər kəsdən gizlədən istismarçı Toğrul, özündən başqa qadın yaratmağa çalışan Tamilla – bir sözlə, hər kəs ilə ayrı-ayrı müzakirə qurur. Nəticədə Ayselin pedaqoqların problemləri fonunda görünməz qalan məsələsini həll edir. Uzun çəkişmələrdən sonra direktor “Qızı götürüb yanıma gələrsən”lə bizə işığın ucunu göstərir. Yəni cəmiyyət olaraq hər birimizin dialoqa, bir-birimizi dinləməyə ehtiyacımız olduğunu deyir.
Tamaşadan gəldiyimiz qənaətlər təxminən bunlardır: sizi idarə etdiklərini düşünənlər, əslində, özləri marionetlərdir; əxlaq dərsini heç də həmişə əxlaqlı insanlar vermirlər; zəif adamlar daim şişkin əzələləri ilə qorxularını boğmağa çalışırlar; başqalarının doğruları ilə hərəkət edənlər heç vaxt həqiqətlə rastlaşmırlar; haqqın yolu, çətin olsa da, birdir və s.
Dramaturqdan işıqçıya böyük bir heyət uzun müddət (tamaşanın məşqləri hələ pandemiyanın ilk dövrlərində “Zoom” proqramı ilə başlanmışdı) götür-qoy etdikdən sonra səhnəyə çıxardıqları iş vasitəsilə bizə incə bir məqamı pıçıldadılar: “Bilirəm, əslində, sən özün ən mükəmməl “Balaca, yaramaz məxluq”san, sadəcə, bunu etirafa cəsarətin çatmır...”.
Əvvəldə də dediyim kimi, tamaşa qüsursuz deyildi və hətta hazırlıq müddətinin bu qədər uzunluğunu nəzərə alsaq, gərək oturub əməlli-başlı müzakirə edək. Bura aktyorların temp adı ilə bir-birinin oyununu vurmasından bir mövzu ətrafında ard-arda az qala onlarla problemin sadalanmasına və onların bəzən havadan asılı qalmasına qədər nüansları daxil edə bilərik. Hətta kommersiya filmlərində oynadığı rolların təsirindən Elşən Hacıbabayev və Araz Pirimov səhnədə bəzi “yolavermələri”ni də nəzərə almasaq, “Balaca, yaramaz məxluq” baxımlı tamaşadır. Ən azı günümüzün reallığını teatrdan “indi və burada” iş prinsipini tələb edənlər, bunu görmək istəyənlər üçün.
Sonda onu da qeyd edim ki, budəfəki səhnə-salon rabitəsində özüm üçün bir qənaəti yəqin etdim: bu günün teatrı da, tamaşaçısı da nəyi göstərib, nəyə baxmaq istədiyini yaxşı bilir. Sadəcə, hələ ki birləşib zaman və məkan arasındakı böyük səddi yıxa bilmirlər...
Həmidə Nizamiqızı