Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında ən qədim yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı özbək dilinə tərcümə olunub. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu özbəkistanlı alim və tərcüməçi Babaxan Şarif özbək dilinə çevirib.
AMM-in direktoru Samir Abbasov bildirib ki, bu il “Kitabi-Dədə Qorqud” dastanı – Azərbaycan və türk dünyasının şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsi, habelə kitabın Daşkənddə nəşri planlaşdırılır.
O qeyd edib ki, “Kitabi-Dədə Qorqud” yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm söz abidəsidir.. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.
AMM xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədilə “Kitabi-Dədə Qorqud” dastanı haqqında Wikipedia elektron ensiklopediyasında özbək dilində bölmə də yaradıb.