Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursada bu ilin ilk qala konserti keçirilib.
Yanvarın 26-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Bursa Valiliyi və Bursa Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə Atatürk Konqres və Mədəniyyət Mərkəzinin Osmanqazi salonunda keçirilən konsertə sənətsevərlər böyük maraq göstərib.
Qeyd edək ki, eyni gündə Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər, o cümlədən TÜRKSOY Daimi Şurasının növbədənkənar toplantısı nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti ilə bağlı üzv ölkələrdən heyətlərin Türkiyəyə gələ bilməməsi səbəbindən təxirə salınmışdı.
Sənətsevərlər əvvəlcə foyedə TÜRKSOY-un hazırladığı “Türk dünyasının mədəniyyət paytaxtları” fotosərgisinə baxıblar.
Bursa Böyükşəhər Bələdiyyə başqanı Alinur Aktaş konsertdən öncə çıxış edib. Bursanın köklü tarixi, zəngin mədəni irsi ilə xüsusi bir gün yaşadığını qeyd edən Aktaş, “Bursa 2022-ci ilin Türk Dünyası Mədəniyyət Paytaxtı seçildi. Bu gün yüksək səviyyəli qonaqlarla mühüm tədbirlərə imza atmağı planlaşdırmışdıq. Əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv etməli olduq. Bununla belə, gələcəkdə geniş miqyasda tədbirlərimiz olacaq”, – deyə bildirib.
Sonra konsert proqramı təqdim edilib. Türk dünyası sənətçilərinin ifasında rəngarəng musiqi və rəqslərinin nümayiş olunduğu qala konsertdə Bursa Namık Kamal xalq rəqsləri dərnəyi, "Kazina" rəqs qrupu, "Tümör" rəqs qrupu, “Altın Karagöz” xalq rəqsləri kollektivi, Ankara Türk dünyası musiqi qrupu, Bursa Bələdiyyəsi xalq musiqisi orkestri, Bursa Bələdiyyəsi Mehteran qrupu, marş orkestri, “Qılınc-qalxan” qrupu çıxış edib. Solistlər Ayzada Alimbek, Janna Sandıbayeva, Artur Semenov, Gülzada Rıskulova, Hülkar Abdullayeva, Feryal Tüzün, Zarina Hasanşina, Nilufer Göl, Salih Taşkın və Gökçe Küçükbakarın ifaları da alqışlarla qarşılanıb.
Mehparə Sultanova
Ankara