Əməkdar artist Novruz Qartalı xatırlayarkən

 

Sənət adamları ilə şəkil çəkdirmək, gördüyüm hər yerdə yaxınlaşıb hal-əhval tutmaq kimi vərdişim yoxdur. Uzağı 3-4 aktyor ilə xatirə olsun deyə şəkil çəkdirmişəm. O da təsadüfən. Səbəbini isə heç özüm də bilmirəm. Sadəcə, mənim üçün aktyor səhnədə, kinoekranda qalsın istəyirəm. Bunun illər sonra, saysız sənət adamları ilə söhbət və görüşlərdən sonra özüm üçün izahını da tapmışam: onlar heç də hamısı bizə göstərdikləri kimi bəxtiyar, nikbin, ümidli deyillər və mən onları kulisdən xatırlamaq istəmirəm...

Bəli, etiraf etməyə nə qədər çətinlik çəksək də, sənətin şan-şöhrəti, dəbdəbə, qısası, uğur heç də hamıya nəsib olmur. Onlarla aktyor, ifaçı repertuarda sırf onun adına gələcək tamaşaçı selini gözləyə-gözləyə, adının qarşısında titullarının (əslində, bu fəxri ad məsələsi özlüyündə mübahisə predmetidir) sıralanmasını xəyal edə-edə, tamaşaçı önünə təzimə çıxan məşhur, titullu aktyor həmkarlarına gözucu həsədlə baxa-baxa, səhnənin mərkəzindəki baş rol ifaçılarının qucağına dolan gül-çiçəklərin ətri ilə məst ola-ola ən uzaq küncə, yan pərdənin az qala arxasına keçə-keçə səssizcə görünməz olurlar.

Bir çox tamaşaçı kimi, mənə görə də sənətkar ölümü səmadan sürətlə süzən ulduz axışı kimidir. Həmin an biz səmadakı o nöqtənin boşluğunda itib-batsaq da, başımızı bir də səmaya qaldıranda nə o ulduzu, nə də onun qopub düşdüyü yeri ayırd edə bilirik...

Yanvarın 8-də Azərbaycan teatr səhnəsi daha bir aktyorunu itirdi. Xırıltılı səsli, bəyaz saçlı sənətkar aylardır haqqında yazılan “ölüm yatağındadır”, “həkimlər vaxt qoydu”, “Əməkdar artist mənzil arzulayır”, “kirayə qalan məşhur aktyorun fəryadı” kimi qaraqışqırıq xəbərlərə də üsyan edirmiş kimi əbədi sükuta qərq oldu. Beləcə, baharda doğulduğuna görə Novruz adı qoyulan, qürurlu olduğuna görə özünə “Qartal” təxəllüsü seçən gülə-gülə kədərlənən adam üzünə qonan son təbəssümü də itələyərək köçünü bu dünyadan çəkdi və fani dünyadakı ünvansız mənzilindən əbədiyyətdəki daimi evinə köçdü...

Nədənsə, son illər daha çox onu kommunal problemləri, fəxri ad giley-güzarları, səhhəti ilə bağlı narahatlıqları ilə yada salırdılar. Bilmirəm, bu, kimin təqsiridir, amma unutmaq olmaz ki, Novruz Qartal (Novruz Əliyev; 1947-2022) çalışdığı teatrın qızıl dövrünün bu günlərədək yaşayan az sayda nümayəndələrindən idi. Peşəkar, səhnədə komediyanın əsas prinsiplərini qoruyan və ən əsası, teatr tamaşası ilə səhnəcik arasındakı incə fərqi duyan aktyor idi. Yersiz improvizələrə qaçmaz, səhnədə daha çox gülüş yaratmaq üçün canfəşanlıq etməz və heç vaxt tərəf-müqabilinin oyununu “vurmazdı”.

Bildiyimiz kimi, komediya, xüsusən musiqili komediya çox mürəkkəb və çoxşaxəli janrdır. Bu üslubda ərsəyə gələn fundamental nümunələri, klassik əsər və onların səhnə təcəssümlərini (təbii ki, bu zaman yalnız nostalgiyaya qapıla bilirik) yada salarkən onları bizə sevdirən böyük bir aktyor nəslini də minnətdarlıqla xatırlamış oluruq. Bax, Novruz Qartal da məhz həmin üst sıralamada yer alan aktyorlardan idi və bunu heç vaxt rejissordan tamaşaçıya – heç kimə sübut etməyə çalışmırdı.

Ruhu şad olsun, qapıların kandarını ayaqlamaq, rejissorun yanını kəsdirmək, həmkarlarının dedi-qodu qazanında qaynamaq kimi vərdişi də yox idi. Teatra işi, sənəti ilə məşğul olmaq üçün gedər və insafən, bunun öhdəsindən də ustalıqla gələrdi. Aktyor kimi təpədən-dırnağa komediya janrı üçün seçilmiş adam idi.

Yəqin elə buna görə də ömrü boyu bir teatrda – Akademik Musiqili Teatrda çalışdı, onun səhnəsinə, tamaşaçısına sadiq qaldı.

1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsini bitirən aktyor 1968-ci ildən ömrünün sonunadək bu sənət ocağında çalışdı. Özünü epizodik və əsas rolların mahir ifaçısı kimi tamaşaçılara sevdirməyi bacaran sənətkar Azərbaycan, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan rollarda oynadı. O, “Toy kimindir?” səhnə əsərində Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb.

Mərhum Xalq artisti, sənət dostu Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” teatrında da çalışan və bu truppa ilə tamaşa-konsertlərlə ölkəni gəzən aktyor Musiqili Teatrdan da tam qopa bilməyib. Nəzərə alaq ki, 90-cı illər teatrlar, aktyorlar, ümumən sənət adamları üçün mürəkkəb dövr idi...

Aktyorun populyar rollarından danışırıqsa, “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq kef”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da Tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər (ən sevimli rolu), “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Volqa”lı canan”da Müqəddəsov, “Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, “Şeytanın yubileyi”ndə Şivanı da unutmamalıyıq.

Cari repertuara daxil olan bir sıra tamaşalarda müxtəlif xarakterli rollar oynayan aktyor həm də Yeni il tətili günlərində teatra üz tutan yüzlərlə uşağın sevimli Şaxta babası idi. Musiqili komediya janrında çəkilən iki televiziya filminin – “Gülüş sanatoriyası” (1989) və “Şirbalanın məhəbbəti”nin (1991) də populyarlaşmasında onun payı az olmayıb.

2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülən aktyor müxtəlif illərdə Prezident mükafatı da alıb.

Hələ pandemiyadan əvvəl teatrda məşqlərinə başlanılan “Beşmanatlıq gəlin” və aktyorun daha çox şöhrət qazandığı “Hicran” tamaşalarının yeni quruluşunun aktyor heyətində o da yer alırdı. Lakin günü-gündən ağırlaşan xəstəliyi və ortaya düşən koronavirus qadağaları onun da əl-ayağını teatrdan çəkdi. Müsahibələrinin birində “Ömrümün sonuna qədər də bu teatra sadiq qalacam. Çünki bu teatrda gənclik illərim keçib. Teatra gələndə 18-19 yaşım var idi. İndi isə artıq qocalmışam. Xalqın az-çox məhəbbətini bu teatr sayəsində qazanmışam. Az da olsa, özümü sevdirə bilmişəm”, deyən aktyor yanılmadığını yaxşı anlayırdı. Həm o teatra nə qədər gərəkli olduğunu deyəndə, həm də tamaşaçıların saf sevgisini haqqı ilə qazandığını ifadə etməyə çalışanda...

Qoy bunu da yazım, qalmasın. Əsasən həftənin ikinci günləri çalışdığı teatrın xidməti qapısının qarşısında rastlaşardıq. Yəqin ki, məşq fasiləsinə çıxırdı. Yan-yörəsində sənət dostları olsa da, o, təkliyə çəkilər, susub dayanardı. Bir gün özümü saxlamayıb ötəri salamlaşanda “Novruz müəllim, heç olmasa, keçib bulvar tərəfdə dayanın, təmiz hava alın” deyib gülümsündüm. Gülə-gülə “Mən teatrın havası ilə nəfəs alıram” dedi. Ürəyimdə onun haqqında o an nə düşündüklərimi bura yazmağı artıq hesab edirəm. Amma bir şeyə ondakı kimi indi də sevinirəm: nə yaxşı, teatrı, səhnəni belə böyük və təmənnasız məhəbbətlə sevən aktyorlar var...

Həmidə Nizamiqızı