2022-ci ildə özünün ilk premyerasını (30 yanvar) bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı etdi. Özü də çağdaş milli bəstəkarlıq məktəbi nümayəndələrindən birinin tarixi qəhrəmanlıq motivləri əsasında ərsəyə gətirdiyi nümunə ilə. Teatrın balet truppası Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” adlı balet tamaşası ilə sənətsevərlərə xoş ovqat bəxş etdi.
İlkin məlumat üçün vurğulayım ki, “Bir Xəzər əfsanəsi” adlı baletin libretto müəllifi də Lalə Cəfərovadır. Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, dirijoru Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimovdur.
Milli kolorit və döyüş ruhunun harmonik həll olunduğu səhnə nümunəsində əsas partiyaları balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov (Xəzər şah), Makar Ferştandt (İbrahim şah), həmçinin gənc solistlərdən Ayan Eyvazova (Türkan), Seymur Qədiyev (Turan) və İslam Məmmədov (Oğuz) ifa edirdilər.
İkipərdəli tamaşada, dediyim kimi, cəng ovqatı daim ön planda oldu. Tamaşaçı çağırış ruhlu musiqinin sədaları altında döyüş təsvirini görür və daim iki hissin – savaş ilə sülhün dil tapacağına inanır. Ulu məhəbbətin bu dəfə də zəfər çalacağını düşünür.
...Gənc və güclü Turan döyüş meydanındadır. İbrahim şah bu sadiq sərkərdəsini yeni cəngə, bəlkə də dönülməz səfərə yola salır – ona Xəzər şaha qarşı savaşa atılmağı əmr edir.
Digər tərəfdə qüdrəti ilə aləmə ün salan basılmaz Xəzərin cəngavərləri azad torpaqlarında qurduqları əyləncədə, güc nümayişindədirlər. Bu zaman Turan şahın sarayına yaxınlaşır və onun qızı Türkanla qarşılaşır. Bir-birinə aşiq olan gənclər bunu heç kimdən gizlədə bilmirlər. Təbii ki, düşmən torpaqlardan gələn elçi şahın qəzəbinə düçar olur və onun əmri ilə zindana atılır.
İki gəncin sevgisi daha da alışır və sonda şah qızının məhəbbəti qarşısında aciz qalır. O, Turanı azad etdirir və gənclər evlənirlər.
Məsud cütlük çox xoşbəxtdir. Doğulacaq övladlarını gözləyirlər. Amma qəfil elçi hər şeyi alt-üst edir. İbrahim şah israrla sərkərdəsini geri çağırtdırır. Ayrılıq məqamında sevgilisinə doğulacaq övladı üçün seçdiyi bazubəndi verən igid Turan elinə dönür.
İkinci pərdədə artıq müəyyən zamanın ötdüyünü və Turanla Türkanın Oğuz adlı oğlanlarının olduğunu görürük. Atasından xəbərsiz Oğuz böyüyərək igid bir döyüşçü olur. Bu illər ərzində Türkanın nə sevgisi, nə də həsrəti azalmır.
Günlərin bir günü dostları ilə yarışda bazubəndini yerə salan Oğuz ətrafındakıların diqqət və sorğu-sualından sonra, nəhayət, atası haqqında həqiqəti öyrənir. Anasının etirazına baxmayaraq, atasını tapmaq, ona qovuşmaq üçün yürüşə çıxır.
İkinci şəkil artıq İbrahim şahın sarayındakı təşvişli təsvirlə başlayır. Oğuzun kimliyi barədə məlumat alan xain şah əsas arzusunu reallaşdırmaq üçün tədbir tökür. Ata ilə oğulu, bir-birindən xəbərsiz iki cəngavəri döyüşdürür. Bununla intiqamını hər iki tərəfdən alacağını düşünür. İstəyinə də çatır.
Üçüncü şəkil döyüş meydanı ilə başlayır. Gənc və dəliqanlı Oğuz meydanda var-gəl edir. Turan və dəstəsi yetişir, qızğın döyüş başlayır. Gənc Oğuz bir həmlədə Turanı yerə yıxır. Lakin zərbə endirməyə əli gəlmir. Amma xəbərsiz ata əlinə düşən ilk fürsətdə Oğuza ölümcül zərbə endirir, qolları yana düşən Oğuzun bazubəndini görən Turan hər şeyi anlayır.
Bu məqam atanın əzab çırpıntıları, övlad qatili olmağının yaşatdığı amansız hiss onun acı fəryadı ilə nəticələnir. Oğuz isə əksinə, ölüm mələyi ilə qarşılaşmasına rəğmən xoşbəxtdir, çünki artıq atasına qovuşub. Artıq son anlarını yaşadığını bilsə də, məsuddur.
Oğlunu qolları arasına alan atanın səhnəni tərk etməsi ilə bitən emosional səhnə nümunəsi tamaşaçılarda dərin izlər buraxdı.
Pərdə və şəkillər arasındakı görünən rabitə və mövzunun xoreoqrafik xronikası qüvvətli alınmışdı.
Ümumilikdə iki pərdə və beş şəkildən ibarət baletdə ideya, onun həlli və tamaşaçını sürətlə dəyişən emosional vəziyyətlərə salan quruluş xətti diqqətəlayiqdir. Tamaşada ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsi hakim idi. Müəllifin yeni yollar və ifadə formaları ilə mövzuya nüfuzunu və tamaşaçıdakı təəssürata öncədən bələdçilik etmək cəhdini də görürük.
Musiqidəki parlaq milli özünəməxsusluq, tembr rəngarəngliyi və bunun oyunda effektivliyinin sərgilənməsi baxımlı və ən əsası qüvvətli təsir ilə nəticələndi.
Onu da qeyd edək ki, Lalə Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir. Bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifi olan bəstəkar, eyni zamanda bədii-sənədli filmlərə musiqi yazıb. Əsərləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik orkestr və xorun ifasında dəfələrlə səslənib...
Həmidə Nizamiqızı