Azərbaycan səhnə sənətinin mərkəzdən uzaqlarda yaşadılması və inkişafına töhfə verən sənətkarlardan biri də tanınmış aktyor və rejissor, Xalq artisti Səməd Mövləvidir. Sənət yolu Təbriz, Naxçıvan, İrəvan və Tiflis səhnələrindən keçən teatr xadimi həm aktyor oyunu, həm də müxtəlif pyeslərə verdiyi maraqlı quruluşlarla sənətsevərlərin yaddaşında dərin iz qoyub.
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (Səməd Mövləvi) 20 fevral 1900-cü ildə Təbriz şəhərində anadan olub. Xalçaçılıq karxanasında işləyən atası ailəni güclə dolandırsa da, Səmədin təhsilinə diqqət ayırır, onu molla məktəbinə qoyur. Ancaq səkkiz yaşı olanda Mirzə Məhəmməd vəfat edir. Böyük qardaşı Əhməd ailənin bütün yükünü çiyinlərinə götürür. Səməd, çətinliklə də olsa, 1916-cı ildə təhsilini başa vurur. 1920-ci illərin əvvəllərində İranda ictimai-siyasi vəziyyət tez-tez dəyişdiyindən ailə Naxçıvan şəhərinə köçmək məcburiyyətində qalır...
Xalq artisti Sidqi Ruhulla xatirələrində Səməd Mövləvidən bəhs edərək yazır: “Mən İrana qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun “Nadir şah” faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu “Rüşdiyyə” məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi...”.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı mütəxəssisi Günay Rüstəmova araşdırmasında qeyd edir ki, ötən əsrin əvvəllərində İranda birinci rus inqilabının təsiri ilə bir sıra mütərəqqi təşkilatlar yaradılır. Onlardan biri də “Cəmiyyəti-xeyriyyə” olur. Bu təşkilat mütərəqqi fikirləri kütlələrə çatdırmaq üçün teatr tamaşaları da hazırlayır. Həmin vaxt Təbrizdə tamaşaya qoyulan “Ölülər” tragikomediyasında İskəndər obrazını Böyükxan Naxçıvanlı, Şeyx Nəsrullahı isə Səməd Mövləvi böyük məharətlə oynayıb.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının keçmiş əməkdaşlarından Əkbər Abbasov da xatirələr kitabında bu görkəmli sənətkardan bəhs edib: “Çox yaxşı yadımdadır. Səməd Mövləvi o zaman Şeyx Nəsrullah rolunu böyük məharətlə oynayırdı. Onun fitri istedadı yadımda yaxşı qalıb. Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra onun Naxçıvan Dövlət Musiqili Dram Teatrına gətirilməsini təşkil etdim”.
Yarım əsrə yaxın bir dövrdə Səməd Mövləvi bu teatrın səhnəsində 200-dən çox müxtəlif xarakterli obraz yaradıb. Onun həyat verdiyi obrazlar silsiləsində Şeyx Nəsrullah rolu teatrşünaslar tərəfindən yüksək qiymətləndirilib. Görkəmli sənətkar xatirələrində yazır: “Böyük dramaturq Mirzə Cəlil ilə tanışlığım məni aktyor olmağa vadar etdisə də, arzularım Arazın o tayında yox, ancaq bu tayında çiçəklənməyə başladı...”.
Ehtimal ki, Səməd böyük ədib və mətbuat xadimi Mirzə Cəlillə Təbrizdə tanış olmuşdu. Çünki 1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə Cənubi Azərbaycana köçmüşdü. O, 1921-ci ilin fevralında “Molla Nəsrəddin”in nəşrini Təbrizdə yenidən bərpa etmiş və burada jurnalın 8 nömrəsi işıq üzü görmüşdü...
Araşdırmalardan məlum olur ki, Səməd Mövləvinin xidmətləri təkcə Naxçıvan teatrının səhnəsi ilə başa çatmır. Belə ki, İrəvan şəhərində Azərbaycan teatrının təşkili də ona həvalə edilir. O, 1924-cü ildən 1925-ci ilin sentyabrınadək İrəvan Azərbaycan Dövlət Dram Teatrında Hüseyn Cavidin “İblis”, “Şeyx Sənan”, Cəfər Cabbarlının “Aydın”, Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Ər və arvad”, “Arşın mal alan” əsərlərini tamaşaya qoyur. Səməd Mövləvi daha sonra Gürcüstana gedir, Tiflis Azərbaycan Teatrında da bir çox uğurlara imza atır. Burada Aleksandr Tuqanov, Anatoli Yevdokimov, Keto Marcanaşvili, Mirseyfəddin Kirmanşahlı və s. kimi rejissorlarla birgə səhnə yaradıcılığı Səməd Mövləvi üçün bir məktəb olur.
Yenidən Naxçıvana qayıdan Səməd Mövləvi teatrda rejissorluq fəaliyyətinə başlayır. O, Cəfər Cabbarlının “Od gəlini”, “1905-ci ildə”, Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Knyaz”, M.F.Axundzadənin “Hacı Qara”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Vilyam Şekspirin “Hamlet”, “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, Nikolay Qoqolun “Müfəttiş”, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” və digər müəlliflərin pyeslərini müvəffəqiyyətlə tamaşaya qoyub. Eyni zamanda özü də ayrı-ayrı rollarda çıxış edib.
İkinci Dünya müharibəsi illərində həm də fəal bir ictimaiyyətçi kimi diqqəti çəkən Səməd Mövləvi SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən “İgidliyə görə”, “Qafqazın müdafiəsi üçün” medalları ilə təltif edilib. Səhnə fəaliyyəti yüksək qiymətləndirilən sənətkar 1943-cü ildə “Əməkdar artist”, 1960-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Aktyorluq, istərsə də rejissorluq fəaliyyəti dövründə Naxçıvan Dövlət Musiqili Dram Teatrının hərtərəfli inkişafı üçün böyük səy göstərən Səməd Mövləvi 3 fevral 1962-ci ildə, 62 yaşında Naxçıvan şəhərində vəfat edib. Səhnə xadiminin sənət yolunu oğlu, Naxçıvan səhnəsinin tanınmış aktyoru, Xalq artisti Tofiq Mövləvi davam etdirib.
Savalan Fərəcov