Çətindir. İtirmək, gənc ömrün bir an içində solmasına tamaşa etmək, dözmək, onu qaysaqlamış yara kimi hər gün ovutmaq. Bu, əgər canından parça olan övlad itkisidirsə, onun yaşatdığı ağrını təsəvvür eləmək belə dözülməz hissdir.
Təbii ki, hərəmiz bu itkini bir cür qəbul edirik. Çox yaxın tarixdə, hamımızın şahidi olduğu İkinci Qarabağ müharibəsi zamanı oğul itirən ata-anaların, ata itirən övladların, yar itirən qadınların ağrı-acısını, kədərini gördük, sezdik. Sezmək nədir ki, iliyimizə qədər hiss etdik. Ən çox anaların yanğısına dözməyə acizlik çəkdik. Sonra mətin, güclü şəhid analarının düşmən sevinməsin deyə kədərlərini boğmasını, “Vətən sağ olsun” təsəllisində tarix boyu böyüklüyü və qüdrəti ilə öyündüyümüz Azərbaycan qadınlarının nümunələrini gördük...
Yanvarın 28-da Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Ana” mənzum dramının tamaşasını izləyərkən övladını Vətənə fəda edən həmin anaların siması canlandı gözümdə. Onların səbri, mərdliyi, mətanəti bir daha ruhuma hakim kəsildi. Beləcə, yenidən bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid yaradıcılığının ən təsirli nümunələrindən olan əsərdə təsvir etdiyi bənzərsiz ana obrazının real prototiplərinin, müasirlərinin təsirinə düşdüm.
“Ana” yaradıcılığında müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yazan, sənət, fikir və amalını müxtəlif obraz və situasiyaların fonunda oxucuya, tamaşaçıya ustalıqla qəbul etdirməyi bacaran müəllifin milli teatrımızda az müraciət olunan əsərlərindəndir. Hərçənd məhz bu nümunə ana, qadın obrazının əzəmətinin təqdimatı baxımından bənzərsizdir.
Xatırladım ki, Şuşa teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşa böyük ədibin anadan olmasının 140 illiyi münasibətilə hazırlanıb. Səhnə nümunəsinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Təbii və inandırıcı, ən əsası təsirli aktyor oyunu ilə təqdim olunan tamaşada rolları Bahar Həmzəyeva (Səlma ana), Sürahi Əliməmmədova (İsmət), Mirqabil Əkbərov (Orxan), Nihat Heybətov (Səlim), Rasəf Mehdiyev (Çərkəz Murad) və Əlirza Kənani (Qanpolad) ifa edirlər.
Ailə-məişət mövzulu tamaşada hadisələr, əsərdə də olduğu kimi, Dağıstanda baş verir. Səlma adlı ana gözünün ağı-qarası tək oğlu Qanpoladın qayıtmasını gözləyir. Nişanlı oğlunun parlaq gələcəyi ilə bağlı hər gün min cür rəngli xəyallar qurur, onun toyunu, oğul-uşağa qarışmasını görmək üçün gündə az qala yüz dəfə Allaha yalvarır.
Qanpoladın nişanlısı İsmət də artıq həsrətin bitəcəyi günü ip ilə çəkir. Budur, Qanpoladdan namə gəlir və orada qısa zamanda dönəcəyini, gələn kimi sevdiyi ilə evlənəcəyini yazır, anasına toy tədarükü görməsini ərz edir.
Bu məqamda xeyrin, sevincin hökm sürdüyü xoş sükutu şərin, kədərin gəlişi pozur. İsmətə aşiq azğın Orxan yenidən peyda olur. İsmətə sevgisini, onun üçün alışıb-yandığını, nəyin bahasına olursa-olsun, ona sahib olacağını bəyan edir. İsmət hədə-qorxulara boyun əymir, Qanpolada aşiq olduğunu çəkinmədən Orxana və onun dostu zalım Çərkəz Murada bəyan edir. Beləcə, İsmət sevinc, qorxu və həyəcan hisslərinin yandırıcı atəşində nişanlısının yolunu gözləyir.
Qanpoladın kəndə gəlməsi xəbərini eşidən Orxan xain planını reallaşdırır. Pusquda durub onu nişan alır, hər ikisi yaralanır. Qanpoladı öldürən Çərkəz Murad onu qovan Səlimdən qaçaraq özü də bilmədən qatili olduğu oğulun anasına – Səlmaya sığınır.
Bağışlamaqla rəzil düşmənə dərs verən, onu vicdanı ilə özünümühakiməyə çəkən ana tamaşaçını ağrı və intiqam, nifrət və mərhəmət, üsyan və inayət kimi bir-birinin qəsdinə durmuş duyğular içinə atır. Nəticədə bütün bu amansız seçimlərdən öz böyüklüyü, humanizmi və insanlığı ilə çıxan ananın ideal obrazını görürük. Dramın qəhrəmanı Səlma ananın timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları aktrisanın təqdimatında daim ön planda qalır.
Hüseyn Cavid bu əsərində türk qadınının mərdanə hərəkətini əks etdirməyə çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da, “qonaq Allah qonağıdır”, “Sözümə sadiqəm, düşmən də olsa, burada amandadır” düşüncəsində qalır, dözümlük və mətanət göstərir.
Tamaşanın ədəbi əsasından irəli gələn səhnə həllində rejissor bizə insanın ağrılarını, itirmək hissinə münasibətini və bu ucsuz-bucaqsız kədər yükündən zərif ana ürəyi ilə necə çıxmağın mümkünlüyünü təsvir edir. Qışqırıqsız, pafossuz, bəzən də sadəcə, səssiz. Loğman Kərimovun Bahar Həmzəyevadan istədiyi ana faktura baxımından da obraza tam uyğun idi. Bu ana munis çöhrəli aktrisanın ifasında elə təbii idi ki, çarəsiz, bitkin, köməksiz görünən çəlimsiz qadının timsalında bəzən bütün dünya ilə savaşa biləcək mübariz qadın cizgilərini də asanlıqla görə bilirsən.
Aktrisanın təbii oyunu, mizan və ümumi plana uyğun manevrləri, tərəf-müqabilləri, xüsusən oğlunun son nəfəsini verərkən – o qısa anda onunla təmassız rabitəsi və həmin təəssüratı tamaşaçıya ani təsvirlə çatdırması oyununun texniki ləngimələrini belə darmadağın edir. Həm rejissor, həm də aktrisa bütün situasiyalarda bir an belə olsun qışqırıq və təsvir ilə təsir yaratmaq fəndlərinə getməyib.
Rejissor əsərin son hissəsində müəyyən gəzişmələr edərək sadiq, çılğın, həyatsevər İsməti əbədi vüsal üçün həyatından keçən qadın obrazında təqdim edir. Sürahi Əliməmmədovanın güclü xarakter verməyə çalışdığı İsmətin timsalında biz sadiq, qorxmaz və saf sevgi nümayişi gördük. O, maneəyə, böyük qorxuya, vəd olunan ucsuz-bucaqsız mal-mülkə rəğmən sevdiyindən əl çəkmir. Tamaşanın ən sürətli keçidlərlə yüklənmiş oyunu gənc aktrisaya həvalə olunub. O, həyəcanı, sevgini, qorxunu, ağrını birlikdə, çox vaxt da ard-arda yaşamalı idi.
İnsafən, bunun öhdəsindən var gücü ilə gəlməyə, tamaşa boyu əsas missiyasını – tamaşaçı ilə rabitəni möhkəmləndirməyə çalışdı. Lakin əsas oyun yükünün kulminasiyasında – nişanlısının öldüyünü qəbullanmaq anındakı ruhi çarpışmasında yetəri qədər emosional, təsirli ola bilmədi. Ağlını itirmək həddini, kədərin çılğınlığa keçidini, qüssə anındakı qərarsızlıq tərzini ona biçilmiş miqyasda (rejissor yəqin ki, potensialına bələd idi) ifadədə bir qədər çətinlik çəkdi.
Rasəf Mehdiyev ənənəvi oyun və ifadə formasından fərqli təsir oyatdı, obrazı, onun təfsiri üzərində möhkəm dayandı. Mirqabil Əkbərovun aşiq Orxanına gəlincə, tamaşaçı onun bəraətini əsaslandırmaq çırpınışlarını qəbul elədi. Onun sevgi, daha doğrusu, rəqibsiz qələbə üçün cəhdlərini anladı və bu işdə, təbii ki, aktyor kimi onun dinamik təsviri bəyənildi. Bu fikirləri Nihat Heybətovun Səliminə də şamil etmək olar. Əsas etibarilə arxa plana hesablanmış yeri olsa da, tamaşaçı ilə fürsət əlaqələrini yaxşı dəyərləndirmişdi.
Tamaşanın ideyası, çağdaş teatr təsvir bucaqlarında verilməsi, rejissorun materialın ideyasından irəli gələn tələblər üzərində daha çox dayanması və tamaşaçı üçün fərqli qəhrəman ştrixləri cızması nəticəni qüvvətləndirdi. Aktyor oyunu, onların hər birinə biçilmiş təsvir vasitələri rejissorun truppasını tanıdığını, onların potensialını və tamaşaçıya nüfuz parametrlərini yaxşı bildiyini göstərdi.
Tamaşada diqqətçəkən tərtibatdakı sadəlik, dövrün məişətinə bələdçilik də az iş görmədi. Rejissorun ev-ocaq, komalar, ayrı otaqlar kimi qurulan dekorasiyaya sonradan funksionallıq verməsi, xüsusən onların kölgə oyun formasında ifadəliliyi yaxşı addım idi...
Həmidə Nizamiqızı