“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”ndan irəli gələrək müvafiq qeydiyyata alınmış tarix və mədəniyyət abidələrinin yeni reyestrinin tərtib edilməsi istiqamətində işlər davam etdirilir.

AMEA-dan verilən məlumata görə, bu məqsədlə Sumqayıt, Xızı və Siyəzən rayonları ərazisində yerləşən mövcud və yeni qeydə alınmış abidələrin saxlanılma vəziyyəti, dövrləri və əhəmiyyətlilik dərəcələrini müəyyən etmək üçün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq elmi əlaqələr şöbəsinin müdiri Səfər Aşurov və Abidələrin toplusu sektorunun müdiri Mikayıl Mustafayev bölgəyə ezam olunublar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişfı və Bərpası üzrə Dövlət Xidməti Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov, Sumqayıt üzrə baş mütəxəssislər Məhəbbət Hüseynova, Sədi Vəliyev, Xızı rayonu üzrə baş mütəxəssis Tural Babayev və Dövlət Turizm Agentliyinin “Beşbarmaq dağı” tarix, mədəniyyət və təbiət qoruğu üzrə mütəxəssisi Mirsaleh Həsənovun iştirakı ilə abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilib. Dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanıb. Xızı və Siyəzən rayonlarında yeni müəyyən edilmiş arxeoloji abidələrin qeydiyyata alınması üçün fikir mübadiləsi aparılıb.

Məlumatda bildirilir ki, proses respublikanın bütün bölgələri üzrə mərhələli şəkildə həyata keçiriləcək.