Mədəniyyət Nazirliyi tərəfindən 2-4 fevral tarixində reallaşdırılan “Yeni gənclik” musiqi günləri sona çatdı. Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan layihənin son konserti fevralın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva (fortepiano) çıxış etdi.

Proqramda ilk olaraq dünya şöhrətli polyak bəstəkarı Frederik Şopenin fortepiano və orkestr üçün 1 nömrəli konserti səsləndirildi. Gənclərin bayram konsertinə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürü ilə yekun vuruldu. Orkestrin və solistin coşqulu ifası tamaşaçıların gur alqışları ilə qarşılandı.

Konsertdən sonra bizimlə söhbətində təəssüratını bölüşən Vüsalə Babayeva bildirdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) bakalavr və magistr pillələrində təhsil alıb. Ölkə başçısının müvafiq sərəncamı ilə adı “Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Prezidentin aylıq təqaüdünə layiq görülüb. Təhsilini başa vurduqdan sonra BMA-da konsertmeyster kimi əmək fəaliyyətinə başlayıb. Bir çox yerli və beynəlxalq müsabiqədə uğurla çıxış edərək mükafatlar qazanıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Prezident təqaüdçülərinin konsert-festivalında səhnəyə çıxıb. Gənc pianoçu solo və Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə müxtəlif konsertlərdə çıxış edir.

Nurəddin