Fevralın 6-da Lənkəran Dövlət Dram Teatrında məktəblilər üçün “açıq qapı” günü keçirilib.

Teatrın aparıcı aktyorlarından Əməkdar artist, Prezident mükafatçısı Sucəddin Mirzəyev, Miraslan Ağayev və Allahverən Babayev uşaqları teatrın foyesində tanınmış sənətkarların portretləri, 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında şücaət göstərmiş şəhidlərin qəhrəmanlığını vəsf edən rəsm əsərləri ilə, eləcə də qrim, əlbəsə və digər yardımçı sexlərlə tanış ediblər.

Bu cür sosial layihələrin mütəmadi olaraq davam etdiriləcəyini bildirən teatrın baş rejissoru Anar Sadıqov “açıq qapı” günlərinin  teatr-tamaşaçı münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyət kəsb etdiyini qeyd edib.

Teatrla tanışlıqdan sonra Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Tilsimlənmiş qız” tamaşasına baxış olub.