Saz-söz ustadının 200 illik yubileyinə sözardı
Xalq şairi Osman Sarıvəlli Aşıq Ələsgəri təbiətin, insanlığın, düzlüyün, sədaqətin, dostluğun-qardaşlığın, mənəvi təmizliyin, gözəlliyin yorulmaz, unudulmaz nəğməkarı adlandırırdı. Bir əsrdən çox ömür sürmüş, həyatının əsas hissəsini xalqına sədaqətlə xidmət etmiş qüdrətli şair, ustad aşıq sazını-sözünü, zəngin yaradıcılığını ən qiymətli yadigar kimi gələcək nəsillərə miras qoyub...
Ötən il 200 illiyi dövlət səviyyəsində qeyd edilən Aşıq Ələsgər (1821-1926) Azərbaycan aşıq sənətinin inkişafında məxsusi yeri olan ustadlar ustadıdır. O, eyni zamanda dövrünün gözüaçıq, hazırcavab bir şairi, cəmiyyətdə baş verən hadisələri məntiqi ilə duyub mənalandıran, mövzularını poetik yüksəkliyə qaldıra bilən qüdrətli sənətkardır. Onun yaradıcılığı xalq ruhlu ədəbiyyatımızın ən gözəl nümunələrindən hesab olunur. Təsadüfi deyil ki, bir sıra şeirləri bəstəkarlarımızın da diqqətini cəlb edib, unudulmaz nəğmələrə, aşıqların repertuarında əbədi yer tutan saz havalarına çevrilib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu (Mİİ) Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Aşıq Ələsgərin sazlı-avazlı, musiqili misraları” adlı məqaləsində yazır: “Aşıq Ələsgər Azərbaycan dilinin zəngin bədii imkanlarını üzə çıxarıb, ifadə vasitələrindən, səs boyalarından məharətlə yararlanıb. Aşıq Ələsgərin poetik şeirlərini, bu baxımdan, “musiqili misralar” kimi dəyərləndirmək düzgün olardı. Aşıq Ələsgərin şeirlərinin klassik aşıq havalarına uyarlığı, musiqiyə yatımlılığı, fikrimizcə, məhz bu səbəblərlə də bağlıdır. Ələsgər şeirində istifadə olunan bədii tapıntılar – təkrarlar, qafiyələr və cinas sözlər və onların çoxmənalılığı, yerində işlədilməsi qanunları aşığın poetikasının musiqiyə bağlılığına məntiqi zəmin yaratmışdır. O, bütün şeirlərini sazına, avazına yansıdırdı. Bu baxımdan, demək mümkündür ki, o, hər bir musiqi havasının özəl melodik-intonasiya quruluşunu çox dərindən dərk edir və bununla da, poetik və musiqi mətninin tam üzvi birliyinə nail olurdu, hamı tərəfindən qəbul edilir və sevilirdi”.
Məlum olduğu kimi, Aşıq Ələsgər qədim Azərbaycan eli Göyçə aşıq mühitinin yetirməsidir. Sufi-dərviş ocağının nümayəndəsi hesab olunan Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı məhz burada yaşayıb-yaradıblar. Miskin Abdalın ideya-estetik görüşləri, Ağ Aşıq, Aşıq Alı kimi böyük sənətkarların yaradıcılığının ən müsbət və xarakterik xüsusiyyətləri yeni zaman və mühit çərçivəsində məhz Aşıq Ələsgərin simasında cəmlənib.
Təsadüfi deyil ki, klassik aşıq havalarının bir çox parlaq nümunələri – “Göyçəgülü”, “Göyçə qaragözü”, “Göyçə gözəlləməsi”, “Köhnə Göyçə”, “Kəvəri”, “Məmmədsöynü”, “Nəcəfi” və digərləri məhz bu mühitdə yaranmış və bütün Azərbaycana və ondan da uzaqlara yayılıb. Adları çəkilən bu saz havaları Aşıq Ələsgərin sözlərinə oxunduğu zaman, sanki yeni bir məzmun kəsb edir, yeni bir hiss-həyəcanla, yeni bir ovqatla təravətlənir və özünəməxsus bir ruhla təzələnir.
İradə Köçərli qeyd edir ki, Aşıq Ələsgərin səsi haqqında müxtəlif fikirlər səslənməkdədir. Bəzi fikirlərə görə, ustadın səsi güclü, tembri isə o dərəcədə də məlahətli olmayıb: “Fikrimizcə, əgər belə olsaydı o, tarixdə bu qədər dərin iz buraxa bilməzdi. Çox ola bilsin ki, bu fikirlər onun yaşlı vaxtları ilə, səsinin azaldığı illərlə bağlı olaraq yaranmışdır. Əlbəttə, vokal musiqini oxumaq üçün səs çox önəmlidir. Lakin tarix boyu pəsdən, kiçik diapazonla, hətta xırıltılı səslə belə qəlbləri fəth edən ifaçılar kifayət qədər olmuşdur. Əsas məsələ ifa zamanı əsərin duyğu ilə çatdırılmasında və özünəməxsus dərin şərhindədir. Təəssüf ki, Aşıq Ələsgərin səsi haqqında da əlimizdə bir məlumatımız yoxdur. Bu bir həqiqətdir ki, Aşıq Ələsgər şair deyildi, əsl aşıq idi və öz şeirlərini insanlara, ilk növbədə, səsi və sazı ilə çatdırmışdır. Elə bu səbəbdən də sevilmişdir. Onun aşağıdakı misralarına nəzər yetirək:
Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?...
bu misralar, eyni zamanda Aşıq Ələsgərin sazda mükəmməl çalğısına, ifaçı kimi ustalığına da bir işarədir...”.
***
Aşıq Ələsgər yaradıcılığı Azərbaycan bəstəkarlarının da ilham qaynağı, söz saxlancı olub. Sənətşünas bildirir ki, hazırda Memarlıq və İncəsənət İnstitutunun arxivində saxlanılan materiallar arasında Azərbaycan aşıqlarının ifasından Aşıq Ələsgərin sözlərinə oxunmuş və nota köçürülmüş aşıq havaları var. Aşıq havalarının nota köçürülməsi sahəsində bəstəkar, folklorşünas Qənbər Hüseynlinin xidmətləri xüsusilə qeyd edilməlidir. O, Aşıq Ələsgərin sözlərinə oxunmuş “Dübeyti”, “Göyçə gözəlləməsi”, “Qəhrəmanı” havalarını nota yazıb. Həmin havalar N.Əliverdibəyov, B.Hüseynli tərəfindən fortepiano ilə oxumaq üçün işlənilib və 1960-cı ildə çap edilib.
Notasalmalar arasında aşıqşünas alim T.Məmmədovun da mühüm xidmətləri olub. O, “100 Azərbaycan klassik aşıq havası” əsərində Aşıq Ələsgərin şeirlərinə oxunmuş “Ağır Şərili”, “Dolanım başına”, “Kürdü-gəraylı” və s. havaları yazıya alıb. Bir çox aşıq havaları və xalq mahnısı statusu qazanmış musiqi nümunələri isə məhz Aşıq Ələsgərin sözləri ilə məşhurlaşıb və sevilib. “Çərşənbə günündə”, “Qəmərcan”, “Gözəl”, “Hər yetən gözələ”, “Dolanır”, “Ey bimürvət”, “Ay sarı köynək”, “Tellərin” (“Ordubadı” havası üstə), “Bilmirəm” və s. Aşıq Ələsgərin lirik şeirləri daim bəstəkarları da özünə cəlb edib.
Bəstəkar Q.Hüseynli notasalmalarla yanaşı, Aşıq Ələsgərin sözlərinə çoxlu sayda vokal əsərlər də yazıb. “Buxağa düşdü”, “Söz qanan ola”, “Olan oldu”, “Gördüm”, “Çərşənbə günündə”, “Qadan alım”, “Gördüm” kimi mahnıları Aşıq Ələsgərin şeirləri kimi səmimi, xoş ovqatlı, aramlı, saf, ülvi hisslərin üstünlük təşkil etdiyi miniatür musiqili-poetik əsərlərdir. Xalq tərəfindən sevilən bu vokal əsərləri ilə bəstəkar olduqca lirik, təravətli, bənzərsiz mahnılar, mahnı müntəxəbatı yaradıb.
Aşıq Ələsgərin şeirlərinə musiqi yazmış sənətkarlar arasında Səid Rüstəmov (“Ay gözəl”, “Ay ceyran”), Hökumə Nəcəfova (“Yanıram mən”), Ramiz Mirişli (“Güləndam”), Şəfiqə Axundova (“Könül istər”), Cavanşir Quliyev (“Xoş gəldin”, “Miniatürlər”) kimi bəstəkarları qeyd etmək olar.
Aşıq Ələsgərin yaradıcılığına daha çox müraciət edən bəstəkarlardan biri də Hacı Xanməmmədovdur. O, aşığın sözlərinə silsilə mahnılar bəstələyib. “Keçdi”, “Ceyran”, “Güllü”, “Qadan alım”, “Niyə döndü”, “Sona keçdi”, “Telli”, “Getmə amandı” mahnıları bu gün də sevilir. Dərbəndin söz-sənət mühitində doğulub boya-başa çatan bəstəkar üçün aşıq yaradıcılığı və Aşıq Ələsgər şeirləri daim çox doğma olub. Aşıq Ələsgər poeziyasının zəngin obrazlar aləmi, dilinin sadə və axıcılığı, gözəlliyin çoxçeşidli rəng çalarları və onların poetik tərənnümü, eləcə də, aşıq havalarının özünəməxsusluğu, nikbin ovqatı və s. bəstəkarı, sanki, musiqi yazmağa özü sövq edib. Bu mahnılar aşıq poeziyası və musiqisinin bulaqtək dupduru milli ruhunu, melodik, ritmik, məqam-intonasiya özəlliklərini özündə daşıyır.
Aşıq Ələsgər yaradıcılığı və bəstəkarlıq mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadənin maraqlı mülahizələri var. Alim “Cavanşır Quliyev: total musiqi axtarışlarında” adlı məqaləsində bəstəkarın 1982-ci ildə aşığın sözlərinə yazdığı “Dönübdü” miniatürünü təhlil edir. Qeyd edir ki, bəstəkarı geniş dinləyici kütləsinə tanıdan və sevdirən məhz onun nəğmələri – məxsusi folklor siması, büllur tək şəffaf və saf musiqi dili ilə seçilən mahnılarıdır. Musiqişünas vurğulayır ki, hər zaman sözdən təkan alan bəstəkar a kapella xor üçün Aşıq Ələsgərin qoşmasına yazdığı “Dönübdü” miniatüründə bu niyyətin gözəl illüstrasiyasını yarada bilib, xalq dilində yazılmış misraları xalq ruhlu musiqi ilə ifadə edib. Aşıq Ələsgərin şeirlər toplusuna yazılmış ön sözdə tədqiqatçı, ustad sənətkarın nəvəsi İslam Ələsgər aşığın hamının işlətdiyi adi sözlərdən hamını heyrətdə qoyacaq bir poeziya yaratmaq iqtidarını qeyd edir. Xor üçün nəzərdə tutulan “Dönübdü” əsərində də bəstəkar C.Quliyev bu səviyyəyə nail olub. Hamıya bəlli intonasiya və ritmləri zövqlə bir araya gətirərək təravətli xor incisi – Ələsgərtək “sadəliyin möcüzəsi”ni yaradıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Aşıq Ələsgər poeziyasının musiqidə təcəssümü” adlı məqaləsində bəstəkar H.Xanməmmədovun ustad aşığın yaradıcılığına müraciəti barədə söz açır. Qeyd edir ki, Aşıq Ələsgər poeziyası sanki bəstəkarın melodiyaları ilə vəhdət yaradır. Bu mənada 1976-cı ildə “Sevil” vokal ansamblının ifasında səslənən “Qurban belə gəlinə”, 1979-cu ildə Gülağa Məmmədovun ifasında “Sona keçdi”, 1981-ci ildə Şövkət Ələkbərovanın ifasında “Sarıköynək” və nəhayət, 1983-cü ildə Gülağa Məmmədovun oxuduğu “Telli” mahnılarını qeyd etmək olar. Bəstəkarın “Getmə, amandır” mahnısından sonra Sevda İbrahimova da 1986-cı ildə həmin şeirə mahnı bəstələyib. S.İbrahimovanın ustadın şeirinə daha bir mahnısı da “İncimərəm” adlanır.
Aşıq Ələsgərin “Qadan alım” rədifli şeirinə ustad xanəndə Əlibaba Məmmədov da müraciət edərək “Mahur” muğamı üstə mahnı qoşub. Mahnı ilk dəfə elə xanəndənin öz ifasında səslənərək lentə alınıb. Bu şeirə bəstəkar Adil Gəray da müraciət edərək 1955-ci ildə “Çeşmə başında” adlı mahnı yazıb. Həmin mahnı Tükəzban İsmayılovanın ifasında lentə alınıb. İlk qadın bəstəkarlarımızdan olan Ağabacı Rzayeva 1972-ci ildə ustadın “Xoş gəldin” rədifli şeirinə mahnı bəstələyir və həmin əsər Gülağa Məmmədovun ifasında səslənərək könülləri oxşayır. “Qədəm qoyub asta-asta, Sən bu diyara xoş gəldin” misraları ilə başlanan şeir C.Quliyevin də diqqətini cəlb edir. Onun 1978-ci ildə bəstələdiyi “Xoş gəldin” adlı mahnı müğənni Akif İslamzadənin ifasında gözəl səslənib.
Bəstəkar Ramiz Mustafayevin də Aşıq Ələsgərin sözlərinə silsilə mahnıları var. Uzun illər Azərbaycan Teleradio Verilişləri QSC-də fəaliyyət göstərən Cahangir Cahangirov adına xor kollektivinin bədii rəhbəri olan R.Mustafayev bu silsilədən həm özünün və həm də digər bəstəkarların mahnılarını xor üçün də işləyib.
Ümumiyyətlə, Aşıq Ələsgər öz əbədi sənəti ilə nəsillərlə qoşa addımlayır. Onun şeriyyətinin musiqi ilə qovuşması da ustadın əbədiyaşarlığının daha bir təzahürüdür.
Lalə Azəri