“Qarabağdakı erməni kilsəsinin mənsubları ilə də əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazırıq”
Azərbaycan Alban-udi xristian dini icması azad olunmuş ərazilərdəki alban məbədləri ilə bağlı bəyanat yayıb.
“Biz – Alban Apostol Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icması işğaldan azad olunmuş ərazilərdə son bir ildə tarixi-dini abidələrin, o cümlədən xristian alban irsinə aid məbədlərin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirərək dəstəkləyir, Azərbaycan dövlətinin iradəsi və əzmi sayəsində bu prosesin mümkün qədər qısa vaxtda uğurla başa çatacağına inamımızı ifadə edirik”, – deyə bəyanatda vurğulanır.
Qeyd olunur ki, ciddi mina təhlükəsinin olmasına, çətin yolsuzluq şəraitinə baxmayaraq, Alban-udi dini icmasının üzvlərinin işğaldan azad olunmuş ərazilərdəki tarixi alban məbədlərini ziyarət etmələri üçün bütün zəruri tədbirlər həyata keçirilir: “Nəticədə biz udilər son bir ildə Alban Apostol Kilsəsinin mənəvi varisləri kimi işğaldan azad olunmuş Laçındakı Ağoğlan, Kəlbəcərdəki Xudavəng monastırlarını, eləcə də Hadrut qəsəbəsi və Tuğ kəndindəki alban məbədlərini dəfələrlə ziyarət edə bilmişik”.
Bəyanatda bildirilir ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.
Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsinin bir qisminə erməni Qriqorian Kilsəsi sahib çıxmağa çalışıb. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılıb. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilib. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında bir dənə də olsun alban məbədi saxlanılmayıb. Ermənilər ya alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırıb, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıdıblar.
Qeyd edilir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə vicdan azadlığı tam təmin olunduqdan sonra Alban Apostol Kilsəsinin statusunun bərpası və üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-udi xristian icması yaradılıb və dövlət qeydiyyatından keçib. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilib, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsinin rəsmi açılışı olub: “Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq, Qəbələ və Oğuzdakı alban məbədləri kimi, işğaldan azad edilmiş ərazilərimizdəki digər alban məbədlərinin də yüksək səviyyədə bərpa olunacağına inanırıq”.
Bəyanatda o da vurğulanır ki, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi Erməni Qriqorian Kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəyini deməyə əsas verir: “Bunun bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, bərpa olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlər boyu erməni Qriqorian Kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də onlarla əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk”.