Masallı RMİ-nin tabeliyindəki N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq teatrının “Şuşa – açılan səhərim” adlı tamaşasının təqdimatı olub.

Öncə Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Şuşa şəhərinin xalqımızın tarixindəki yerindən, bu əsrarəngiz sənət ocağının mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərindən söhbət açıb.

Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərində Şuşanın mədəni mühiti və tanınmış sənət adamlarının fəaliyyəti əks etdirilib, eyni zamanda şəhərin uzun işğal dönəmi və azadlığına qovuşması mövzuları monoloq və şeir kompozisiyaları vasitəsilə diqqətə çatdırılıb.

Tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib, səhnə və musiqi tərtibatı Elsevər Əliyev və Ruslan Zahidova aiddir. Tamaşada teatrın kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri çıxış edir.