Prezident İlham Əliyev fevralın 10-da “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif ediləcəklər.
Göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilib.
Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” ölkə başçısının 2021-ci il 29 dekabr tarixli sərəncamı ilə “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı, habelə əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları və digər qurumların təqdim etdiyi məlumatlar nəzərə alınmaqla Vətən müharibəsi iştirakçılarının siyahısını müəyyən etmək tapşırılıb.