Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Xocalı soyqırımını unutma” adlı tədbir keçirilib.
Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri və məktəbin nəzdində "Kiçik akademiya"nın üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Metodika və biblioqrafiya şöbəsinin metodisti İradə Hüseynova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, Xocalı qətliamı 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi bir plan idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan azad edilməsi, tarixi ədalətin bərpası uğrunda Vətən müharibəsinə qalxıb. 44 günlük müharibədə ölkəmizin ərazi bütövlüyü bərpa olunub və şəhidlərimizin qisası alınıb.
Məktəbin direktor müavini Zemfira Nusalova Xocalı soyqırımında xalqımızın başına gətirilənlərin əslində bütün insanlıq əleyhinə cinayət olduğunu deyib.
Sonda şagirdlər vətənsevərlik mövzusuna həsr olunmuş şeirlər səsləndiriblər.