Həm musiqisevərlər, həm də haqqında söhbət açacağım tədbirin səbəbkarları bu ünsiyyəti uzun müddət idi gözləyirdi. Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi günləri çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violinçilər ansamblının konserti keçirildi. Xatırladım ki, 2007-ci ildən fəaliyyət göstərən kollektiv ikinci onilliyini yaşayır.
Konsert öncəsi səhnədən tamaşaçıları salamlayan Zəhra xanım çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, indi İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini qeyd elədi. Rəhbəri olduğu “Detaşe” violinçilər ansamblının məhz gənclərdən ibarət olduğunu vurğulayan professor onlara böyük ümid bəslədiyini, gələcəkdə doğma vətənlərini uğurla təmsil edəcəklərinə inandığını söylədi. Xüsusən bu sırada kollektivin konsertmeysteri, Prezident mükafatçısı Zərrin Əliyeva, beynəlxalq müsabiqələr laureatları Şükufə Rəsulova, Xədicə Mirqulamlı, Osman Mustafazadənin uğurları barədə dinləyiciləri məlumatlandırdı. Həmçinin bugünkü görüşün fərqli bir ab-havada, Ali Baş Komandanın qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik rəhbərliyi və xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusunun qazandığı ən şanlı Qələbəsi – ərazi bütövlüyünün bərpası kimi möhtəşəm hadisədən sonra baş tutduğunu xüsusi vurğuladı. Uzun illər acısını yaşadığımız həsrətin qalibiyyət sonluğu uğrunda canından keçən hər bir şəhidin ruhu qarşısında baş əydiyini, yaralılarımızın sağalaraq ayağa qalxmalarını diləyən Zəhra xanım səhnəni yetirmələrinin ixtiyarına buraxdı.
Tamaşaçıların alqış sədaları altında səhnəyə çıxan kollektiv konserti görkəmli alman bəstəkarı Georq Fridrix Hendelin “Passakaliya” nömrəsi ilə açdı. Bəstəkarın 7 saylı sol minor, klavesin süitasının son bölümü olan həmin əsər Qərbi-Avropa klassik irsindən bu günümüzə qədər gəlib çatan populyar mövzulardan biridir. Sarabanda, Çakona kimi qədim rəqslər qrupuna aid olan passakaliya (ispan mənşəli rəqsin tərcüməsi “küçə yürüşü” deməkdir) da dəyişməz bas özəyin (basso ostinato) üzərində qurulan variasiya ardıcıllığından ibarətdir. İfaçılarımızın təfsirində passakaliyanın məzmunundakı qəhrəmani və patetik ruh olduqca inandırıcı səslənərək dinləyiciləri musiqi axşamının axarına köklədi.
Növbəti kompozisiya isə XIX əsr romantizminin görkəmli nümayəndəsi, Avstriya bəstəkarı Frans Şubertin lya major “Adajio”su idi. Asafyevin sözləri ilə desək, “həyatın təzadlı dönəmini əksər insanların duyduğu kimi” öz əsərlərində əks etdirən Şubert burada da, üslubuna sadiq qalmışdı. Serenada təbiətli mahnıvarı pyesin üçsəsli versiyası mövzunun əsasını təşkil edən işıqlı məhəbbət ruhunun parlaq ifadəsini şərtləndirirdi.
Ardınca alman bəstəkarı Karl Bomun “Daimi hərəkət”i op.187, romantik auraya bir qədər xəfiflik gətirdi. Qeyd etmək istərdik ki, əsərdə melodiya hərəkəti eyni notun ikili təkrarı şəklində qısa səs hasiletmə üsulu ilə həyata keçirilir. Belə olan halda ansambl ifaçıları arasında həssas sinxronluq vacib amildir.
Növbəti əsər yenidən F.Şubert yaradıcılığına qayıdışla diqqəti cəlb etdi. Bu dəfə isə melodiyanın füsunkarlığı ilə heç kimi biganə qoymayan “Ave Mariya” səsləndi. Yəqin bir çoxları yeniyetmə Lobertino Lorettinin təfsirində həmin bəstəni dinləyiblər. İstedadlı pianoçu Səbinə Muradovanın həssas təqdimində səhnə tərəf-müqabillərinin tarazlı ansambl mizanı ilk xanələrdən çox məharətlə alınırdı.
Daha sonra müasir alman bəstəkarı İoahim Yohovun “Antonionun yuxusu” adlanan və italyan sənətkarı Antonio Vivaldiyə həsr edilən kompozisiya dinləyicilərə təqdim olundu. Bu əsər ümumən proqram boyu royalın iştirakı olmadan səsləndirilən yeganə nümunə idi. İfaçılar solist səviyyəsində yazılan partiyaların öhdəsindən uğurla gəldilər.
Ardınca Xalq artisti Zəhra Quliyeva səhnəyə çıxdı. Hər çıxışında repertuar fərdiliyi ilə seçilən professor bu dəfə də ənənəsinə sadiq qaldı. Avstiryalı xanım bəstəkar Mariya Tereza fon Paradis kiçik yaşlarından görmə qabiliyyətini itirməsinə baxmayaq nikbin ruhu və əyilməz qüruru ilə sevdiyi sənəti-musiqiyə bağlılığı ilə hamını heyrətləndirmişdi. Yeddi yaşında Perqolezinin “Stabat Mater” əsərində orqanda özü ifa etməklə oxuyan qızın çıxışı konsertdə iştirak edən imperatriçəni riqqətə gətirdiyindən istedadlı uşağın təhsilini davam etdirmək üçün təqaüd ayırmasını tapşırır. Zəhra xanımın ifasında bəstəkarın postoral ritmli “Siçiliana” pyesinin məzmununda işıqlı intonasiyalar insanın fiziki qüsurlarına baxmayaraq qarşısına qoyduğu məqsədə özünə inamla və əyilməz əqidə ilə hərəkət etməsinə çağırır. İfa zamanı xanım bəstəkar və xanım təfsirçinin mövcud əsər çərçivəsində ruhi bağlılığı aydın duyulurdu.
Növbəti əsər, sözün əsl mənasında, maraqlı mədəniyyət hadisəsi oldu. Deməli, alman bəstəkarı İ.Yohovun “Antonionun yuxusu” bəstəsi birinci dəfə 2019-cu il noyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında uğurla ifa olunub. Zəhra xanım konsertin videoyazısını bəstəkara göndərdikdən sonra İ.Yohov “Detaşe”çilərin böyük ustalığına valeh olaraq məhz onlara həsr edəcəyi əsər yazmağa söz verir. Nəticədə məhz həmin axşam üçün bəstələnən “Vals” adlı həzin kədərli kompozisiya ilk dəfə olaraq səsləndi.
Nəhayət, səhnə solistlərin ixtiyarına verildi. Əvvəlcə dinləyicilər önünə Şükufə Rəsulova və Xədicə Mirqulamlı təqdim olundular. Hər ikisi keçən il magistr pilləsini uğurla başa vurublar. Eyni zamanda ABŞ-da keçirilən gənc duetlər müsabiqəsinin Qran-pri mükafatı laureatlarıdırlar. Onlar həmçinin yeni formalaşan gənclərdən ibarət “Avanqard” kamera orkestrinin üzvləridir. Söhbət açdığımız duetin ifasında italyan bəstəkarı və violin ifaçısı A.Vivaldinin iki violin və orkestr üçün D-dur konsertinin III hissəsi fortepiano müşayiəti versiyasında səsləndi.
İtaliyalı virtuoz instrumental konsert janrının bilavasitə yaradıcısıdır. Solist və orkestr arasında dialoq prinsipinə əsaslanan janr əsrlərin musiqi həyatının bütün çevrilişlərinin içindən keçməklə bu günümüzə qədər gəlib çataraq öz aktuallığını qoruya bilmişdir. Hazırda dünya violin ədəbiyyatı repertuarında müxtəlif üslublu bəstəkarlar tərəfindən yaranan və yüksək estetik dəyərlərə malik olan nümunələrlə yanaşı, Vivaldinin konsertləri də sevilə-sevilə ifa olunur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Şükufə və Xədicənin Səbinə Muradova ilə musiqili dialoqu inandırıcı görünürdü.
Sonra səhnəyə çıxan BMA-nın III kurs tələbəsi Osman Mustafazadə sənət yollarının sirlərini inamla və yorulmadan öyrənməklə irəliləyən gənclərdən biridir. O, 2019-cu ildə Nyu-Yorkda yerləşən və dünyada ən nüfuzlu klassik musiqi məkanlarından sayılan “Carnegie Hall”da keçirilən “Golden Classical Music Awards” adlı beynəlxalq müsabiqədə violin nominasiyasında I yeri qazanaraq oxuduğu təhsil ocağında bir ilkə imza atmışdı.
Gecədə Osman tərəfindən əvvəlcə Niyazinin “Xosrov və Şirin” operasından Şirinin ariyası səsləndi. Niyazinin dolğun melodik kantilena üslubunda yazılan əsəri Osmanın təfsirində bütün çalarların açımı ilə diqqət cəlb edirdi.
Növbəti kompozisiya XIX əsrin sonu – XX əsrin ortalarında zəngin konsert həyatı ilə və ümumən fövqəladə istedadı ilə diqqəti cəlb etmiş avstriyalı violin ifaçısı və bəstəkarı Frits Kreyslerin “Çin tamburini” op.3 pyesi oldu. 10 yaşında Vyana Konservatoriyasını qızıl medalla bitirən Kreysler romantizm dövrünün unudulmaz ifaçılarından idi. O, bir bəstəkar kimi digər həmkarlarından fərqli olaraq miniatür kompozisiyalara üstünlük verirdi. Osmanın təfsirində səslənən “Çin tamburini” 1910-cu ildə yazılıb. Əsərin kökündə qədim fransız rəqsi formasında çin musiqisi üçün xarakterik pentatonika intonasiyalı zəngin cümlələrin virtuoz ifa fəndləri ilə sintezi durur. Osman çox sərbəst şəkildə texniki çətinliklərin öhdəsindən gəlirdi.
Solistlərin çıxışından sonra səhnəyə tam tərkibdə qayıdan “Detaşe”nin ifasında səslənən fransız bəstəkarı Qabriel Forenin “Oyanış” romansı musiqi axşamına romantik ab-hava gətirdi. Ardınca macar bəstəkarı İ.Bramsın “6 saylı macar rəqsi” və M.Lermantovun “Çovğun” pyesinə rus bəstəkarı Q.Sviridovun musiqi illüstrasiyası silsiləsindən “Romans” nömrəsi idi. Moldova bəstəkarı Yevgeni Doqanın rejissor Emil Latyanunun “Mənim mehriban, zərif məxluqum” kinofilminə yazdığı məşhur “Vals” isə UNESCO tərəfindən rəsmi olaraq XX əsrin ən yaxşı beş melodiyasından biri kimi siyahıya salınmışdır.
Konsert proqramının sonuna yaxın Ü.Hacıbəylinin “Koroğlu” operasının II hissəsindən qızların iki rəqsi axşama xüsusi özəllik gətirdi. 1938-ci il aprelin 5-də Moskvanın Böyük Teatrında Üzeyir bəyin operasının parlaq premyerası ittifaq paytaxtında bir çox görkəmli mədəniyyət xadimlərinin diqqətini cəlb edərək müsbət rəylər yaratmışdı. O zamanlar teatrın priması, balerina Olqa Lepeşinskaya məhz II hissədə rəqqasələrin təbii və valehedici plastikasını məxsusi vurğulamışdı.
Konsertdə təqdim edilən Tofiq Quliyevin “Sevgi valsı” musiqi axşamının apafeozu (təntənəli yekun) oldu. Bəstəkarın məhəbbətlə nurlanmış hamıya tanış intonasiyaları konsertdə dinləyicilərinə ünvanlanan sevginin nişanəsi idi. Bəli, həmin axşam musiqisevərlər hər biri özü ilə bir sevgi payı apardı. Sonuncu nömrənin ardınca alqışlanan kollektiv təkrar səhnəyə dönərək əvvəlcə Eduard Qradeskinin “Reqtaym” və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”ni ifa etməklə çıxışlarını bitirdilər. Həmin axşam dinləyicilər zərif, amma olduqca istedadlı gənc xanımlardan ibarət “Detaşe” violinçilər ansamblı vasitəsilə müxtəlif coğrafi paralellərdə yaşayan fərqli üslublu bəstəkarların musiqi dünyasına səyahət etdilər.
Müstəqil Azərbaycanın musiqi sənəti gənc, istedadlı kadrların ildən-ilə püxtələşən peşəkarlığı nəticəsində davamlı inkişaf edir. Təcrübəli ustadların nəzarəti altında sistematik formada baş tutan tədrisin uğurlu nəticələri göz qabağındadır.
Yavər Neymətli
sənətşünaslıq üzrə fəlsəfə doktoru