Təxminən üçillik fasilədən sonra  oynanılacaq tamaşanın sorağı ilə üz tutduq Akademik Milli Dram Teatrına. Əslində, hələ 2013-cü ildə premyerası olmuş səhnə işinə (“Zorən şorgöz”) iki dəfə baxmışdım. Yenidən izləmək səbəbim isə həm də bu dinamik komediyanı pandemiyanın yaratdığı uzun fasilədən sonra yaradıcı heyətin necə təqdim edəcəyini görmək istəyi ilə bağlı idi. Üstəlik, əsas obrazlardan birinin oyunçusu yeni nəsil aktrisa ilə əvəzlənmişdi.

Fevralın 13-də baş tutan bu nümayiş əvvəlkilərindən müəyyən məqamlarda fərqlənməyi bacardı. Amma üzdəniraq pandemiyanın oyunçularda buraxdığı izlər bu qədər oynaq templi bir əsərə tempdə münasibəti istər-istəməz laxladırdı. Bir şeyi unutmaq olmaz ki, əlahəzrət səhnə daim gözəllik və plastika istəyir. Xüsusən gənc və orta nəsildən. Belə olan təqdirdə sağlamlıq imkanlarını nəzərə alan hər bir səhnə adamı daim xarici görünüşünü nəzarətdə saxlamalı və rejissorun rol bölgüsünə “məni də” deməzdən əvvəl ayna önünə keçməlidir. Yoxsa, vəziyyət ürəkaçan olmur.

Bu yerdə, teatr zümrəsinin dili ilə desək, dublyor məsələsi də qabarıq şəkildə öz aktuallığını büruzə verir. Odur ki, tamaşanın təhlilinə keçməzdən əvvəl hörmətli rejissorlara xitabən soruşmaq istərdik: məgər teatrların aktyor truppaları o qədər kasaddır ki, dublyorsuz, bir növ əvəzolunmaz heyətlə tamaşa qurursunuz? Yaxud, hansısa aktyorun həmkarına ünvanlanan “O kimdir ki, mən onun dublyoru olum?” hikkəsindən o yana keçə bilmirsiniz? Səbəbi siz rejissorlara bəlli olan problemin nəticəsini səhnədən görən tamaşaçıya  deyə bilmədikcə hələ çox “Bu uğursuzluğun tək səbəbkarı rejissordur” qınağını eşidəcəksiniz, bizdən demək. O ki qaldı tək heyətlə (əsas etibarilə) qurulan “Zorən şorgöz” tamaşasına, dediyim problem burada da öz diktəsini etdi. Səhnədəkilərdən birinin yüngül (bəlkə də ağır) zədəsi bütün oyuna münasibətinə (münasibətimizə) təsir etdi...

Gələk “Zorəz şorgöz” komediyasının, daha doğrusu, tragikomediyasının (vəziyyətə görə) səhnə həllinə.

Deyim ki, ingilis dramaturqu, aktyor, rejissor, bütünlükdə teatr adamı – bu il 90 yaşı tamam olan Rey Kuninin yaradıcılığı haqqında az-çox məlumatlıyam. Onun maraqlı, novator və ümumilikdə səhnədən tamaşaçı ilə oyuna  hesablanmış formulundan xoşum gəlir. Təsadüfi deyil ki, bu gün dünyanın ən müxtəlif səhnələrində onun əsərləri fərqli quruluşlarda tamaşaçı ilə görüşür. Yeri gəlmişkən, Rey Kuninin bu pyesi (orijinalda “Qarışıqlıq” adlanır) 2018-ci ildə Akademik Rus Dram Teatrında da “Kişi, qadın, pəncərə... məşuq” adı ilə tamaşaya (rejissor – Xalq artisti İranə Tağızadə) qoyulub.

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” adı ilə səhnəyə gələn tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib. Özünün həm də baş rolu (Riçard Uilli) oynadığı ikihissəli komediya anlıq vəziyyətin vizual traktovkası, belə demək mümkünsə, bir məkanda müxtəlif vəziyyətlərin fərqli təqdimatı baxımından maraqlıdır. Digər rolları Xalq artisti Kazım Abdullayev (Mehmanxana müdiri), Əməkdar artistlər Aslan Şirin (Corc Piqden), Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev (Ronni), Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar İlahə Həsənova (Ceyn Uorzinqton), Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv) və Dilarə Nəzərova (Mariya) ifa edirdilər. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Birmənalı olaraq situasiya komediyası (“sitkom”) hesab etdiyimiz bu səhnə işində əvvəldən sonadək dinamizm, ekssentriklik, yumor və oyun içində oyun ön plandadır. Hadisələr London mehmanxanalarının birində cərəyan edir. Növbəti eşqbazlıq macərasını icra etmək istəyən iqtidar partiyasının deputatı, üstəlik baş nazirin sadiq köməkçisi Riçard Uilli və müxalifət liderinin gənc katibəsi Ceyn Uorzinqton gizlincə burada görüşürlər. Guya debata hazırlaşan deputat və məşuqəsi yasaq eşqbazlığın qurbanı olurlar. Belə ki, nömrələrindəki pəncərədən yarımasılı qalan kişi “meyit”i onların kefinə əməlli-başlı soğan doğrayır.

Ceynin əri Ronninin arvadını güdmək üçün tutduğu detektivin “cansız bədəni“ deputatın həm eşqinin, həm də karyerasının üstünü qara bulud kimi alır. Bir anda bütün ölkədə rüsvay olacağını xəyal edən deputat tez tədbir tökməyə başlayır. Təbii ki, bu işdə yenə də fağır, eşqdən başqa hər işə qol qoyan köməkçisi Corc Piqdeni qurban kimi seçir. Bəli, məhz qurban. Çünki bütün hadisələr də məhz yaşıl kostyumlu utancaq kişinin gəlişi ilə başlayır.

Ömrü boyu anasının əsarətində olan və evlərindən başqa heç yerdə gecələməyən yaşlanmış subay Corc birdən-birə bir neçə qadının “ehtirasının ağuşuna atılır”. Nəticədə  “zorən şorgöz”ə çevrilir və beləcə istəmədən şəhvətin (qadınların) alətinə çevrilir.

Keçək “zorən şorgöz”lüklə “məşğul” olanların performanslarına. Düzünü deyim də, bu performans sözündən zəhləm gedir. Amma teatr  mühitində “trend”ə çevrilməsindən sonra mənim də dilimə yatıb.

Nicat Kazımov rejissor və baş qəhrəman kimi oyununun yükünü layiqincə çəkdi. Arada bunu tərəf-müqabillərinin də əvəzində etdi. Bir-iki vizual vəziyyəti ifadə ifratlarını nəzərə almasaq (mətn və mizan onsuz da o mətləbləri aydın göstərirdi deyə, məncə, izafi izahlı-təsvirlərə gərək yoxdur), əla təsir bağışladı. Bura müəyyən texniki, ani əngəllərin yerində həllini də əlavə etsək, alqışı haqq edir.

Aslan Şirinin “zorən şorğözlüyü”nə gəlincə, ümumən aktyor kimi oyuna köklənməsinə sadəcə valeh oldum. Onu bir aktyor kimi bu oyunda daha çox kəşf etdim. Nəzərə alsaq ki, ikihissəli tamaşanın əsas oyun yükü həm də onun çiyinlərində idi. Hərəkətdən səs tembrinədək fraqmentar dəyişikliklər və yenidən əsas vəziyyətə qayıdış mükəmməl alınmışdı. O, komediyanın içində qəhrəmanının dramatizmini, müəllifin iynə ucu boyda yer qoyduğu saflığını geniş planda tamaşaçıya çatdırmağın da nümunəsini göstərdi.

Mehmanxana müdirini oynayan Kazım Abdullayev klassik formasında idi. Detektiv Vüsal Mustafayev “ölü” olsa da, oyunu dipdiri yaddaşa köçdü. Ümumən aktyor kimi onun boyuna biçilmiş temp və yormayan dinamikası budəfəki oyununa da hakim idi.

Rəşad Bəxtiyarovun “Fürsətçil ofisiant”ı, Dilarə Nəzərovanın tamaşaçı ilə yalnız “çarpayı” sözü ilə dialoq quran təmizlikçi Mariyası xüsusən son səhnələrdə, ümumilikdə tamaşanın əsas gedişində yer aldıqlarını göstərdilər.

Təəssüf ki, bu sözləri Foster bacı-Qledis və Pamela obrazları haqqında deyə bilməyəcəm. Çünki hər oyunçu bu rollarını uzun müddət oynamadıqlarının haqq-hesabını “çürütdülər”. Nəticədə biz tamaşaçı olaraq bir kişi üçün gizli-aşkar mübarizə aparan iki qadının şəhvətində ilişib qaldıq.

Bu sözlər xəyanət şübhəsi ilə yanıb-yaxılan (əslində sönük) Ronniyə də aiddir. Cüssəli aktyor səhnədə var-gəl etdikcə, hədə və hökmlər verdikcə qulağımı məhəllə uşaqlarının ləhcəsi cırmaqlayırdı.

Gələk bu heyətdə yeni oyunçu İlahə Həsənovanın təqdimatında məşuqəyə – Ceyninə. Aktrisanın gəncliyi, fiziki aktivliyi, plastikası və öz oyununa hakimliyi yaxşı təsir bağışladı. Ən əsası tərəf-müqabillərinin onu oyunları ilə üstələmələrinə imkan vermədi.

Üstələmək demişkən, son vaxtlar, demək olar ki, bütün teatrlardakı köhnə-yeni tamaşalarda təəssüf və bir az da təəccüblə müşayiət etdiyimiz bir hal var: tərəf-müqabilləri ya bir-birinin replikasını tamamlamasına imkan vermir, ya da ani unudulmuş frazanı almayınca dillənmirlər. Nəticədə ya temp adı ilə oyun qırılır, ya da əcaib pauza yaranır. Tamaşaçı da ya rejissorun qarasınca deyinir, ya da pandemiyanı yaradanı qarğayıb köks ötürür...

Həmidə Nizamiqızı

P.S. Tamaşaların iki heyətlə qurulması və aktyorların səhnədə fiziki hazırlığı mövzularına qayıdacağıq...