Azərbaycan Aşıqlar Birliyinin (AAB) illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı (2021-ci il) işıq üzü görüb.
Nəşr AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə təbrik məktubu ilə açılır. Topluda, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına AAB adından təşəkkür məktubu da dərc olunub. 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev, Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş sənətkarlara təbriklər də nəşrdə yer alıb.
AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, toplunun bu nömrəsində 2021-ci ildə 200 illik yubileyi təntənə ilə qeyd olunmuş Aşıq Ələsgər haqqında elmi-publisistik məqalələr dərc olunub. Bu nömrədə oxucular eləcə də M.Qasımlı və M.Allahmanlının “Aşıq məclisinin açılışında və qapanışında oxunan poetik mətnlər” və M.Qasımlının ustad aşıq Hüseyn Şəmkirliyə həsr etdiyi “Qüdrətli saz-söz ustadı” adlı məqalələri ilə də tanış ola bilərlər.
Topluda ilk dəfə olaraq dastanlarımıza da yer ayrılıb – “Aşıq Hüseynlə Reyhan xanım dastanı” və Nizami Gəncəvinin eyniadlı məsnəvisi əsasında hazırlanaraq 2021-ci ilin dekabr ayında Bakıda – Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” dastan-tamaşası diqqətə çatdırılır.
Topluda 2021-ci ildə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər və nəşrləri haqqında xəbər xronikası da verilib.
Xatırladaq ki, 2017-ci ildən nəşr olunan toplunun baş redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.