Qusar Dövlət Ləzgi Dram Teatrı 10 mart – Milli Teatr Gününə hazırlaşır. Yaradıcı kollektiv Azərbaycan peşəkar teatrının yaranmasının 149-cu ildönümü münasibətilə tamaşaçılara xüsusi kompozisiya – Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar təqdim edəcək. Kompozisiyada rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər də yer alıb.
Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, pandemiya dövrü ilə əlaqədar qoyulan məhdudiyyətlər aradan qalxandan sonra kollektiv bir sıra tamaşalar hazırlayıb, o cümlədən Vətən müharibəsinə həsr olunan iki səhnə əsəri təqdim olunub. Teatr peşə bayramına da xüsusi hazırlıq görür. Bu münasibətlə sənət ocağında “açıq qapı” günü keçiriləcək, tamaşaçılar səhnə əsərlərini pulsuz izləyə biləcəklər.
Teatrın quruluşçu rejissoru Bağır Əhmədov qeyd edib ki, kollektiv balaca tamaşaçılarını da unutmayıb, onlara “Tıq-tıq xanım” nağıl-tamaşası təqdim olunacaq.
Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyət göstərdiyi 30 il ərzində 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.