İranın “Tehran Times” informasiya agentliyində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ötən həftə 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurlu iştirakı və nümayiş etdirdiyi tamaşalar haqqında yazı dərc olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, məqalədə Akademik Musiqili Teatrın “Bir nəfəs qədər” (rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda) tamaşasının süjet xətti barədə oxuculara ətraflı məlumat verilir. Eyni zamanda Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “Tehran Şəhər Teatrı” kompleksində tamaşanın nümayişindən əvvəl etdiyi çıxışından da bəzi məqamlar diqqətə çatdırılır: “Bir nəfəs qədər” musiqili dramında ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən bəhs edilir. Bu qələbəni bütün müsəlman dünyasının qələbəsi hesab edirik... Biz döyüşlərdə hər zaman əsgərlərimizə dəstək olmuşuq və onların şücaətindən bəhs etməklə bütün şəhidlərimizin xatirəsini yad edirik...”.
Materialda teatrın festivalda təqdim etdiyi digər tamaşa – rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulan monotamaşa haqqında da məlumat verilir.
Yazıda teatrın ”Fəcr” festivalında iştirakı yüksək qiymətləndirilir, belə yaradıcılıq səfərlərinin iki ölkə arasında mədəni əlaqələrə töhfə verdiyi ifadə olunur.