Fevralın 20-də Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin növbəti tamaşası görkəmli aktyor, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlının (1907-1980) 115 illiyinə ithaf olunub.
Tamaşadan əvvəl Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək İsmayıl Dağıstanlının Azərbaycan teatr sənətində xidmətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra “Mənim günahım” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, Əməkdar artistlər Əlvida Cəfərov, Elşən Rüstəmov, Elnar Qarayev, aktyorlar Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Rada Nəsibova ifa ediblər.
Qeyd edək ki, ikihissəli dramın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi Akademik Milli Dram Teatrında ilk dəfə 1967-ci ildə tamaşaya (rejissor – Əşrəf Quliyev, rəssam – Böyükağa Mirzəzadə, musiqi tərtibatı – Soltan Hacıbəyov) qoyulub. İsmayıl Dağıstanlı tamaşada Tahir rolunu oynayıb.